...

Sabah Azərbaycanda təqaüdlərin mart ayı üzrə maliyyələşdirilməsi prosesi tamamlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2009 20:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanın Əhalinin Sosial Müdafiəsi üzrə Dövlət Fondu çərşənbə axşamı Novruz bayramı ilə əlaqədar ölkədə təqaüdlərin maliyyələşdirilməsini bütövlükdə tamamlamaq niyyətindədir. Bu barədə fondun sığorta təqaüdü siyasəti və strateji tədqiqatlar şöbəsinin rəhbəri Elman Mehdiyev bazar ertəsi brifinqdə bildirib.

"Fond martın 10-da Bakıda təqaüdçülərin mart ayı üzrə maliyyələşdirilməsi prosesini tamamlamaq niyyətindədir. Martın 13-də məcburi köçkünlərin yaşadığı şəhər və regionlarda maliyyələşdirmə prosesi tamamlanıb, martın 17-də isə digər regionlarda bu proses tamalanacaq", - deyə Mehdiyev bildirib.

Onun sözlərinə əsasən, təqaüdlərin maliyyələşdirilməsi iki mərhələdən ibarətdir: birinci - fond tərəfindən vəsait ayrılması, ikinci - fond tərəfindən bank xidmətlərinin ödənilməsi və vasitəçi bank vasitəsi ilə təqaüdçülərə həmin vəsaitin çatdırılmasıdır.

Fond sabah öz funksiyalarını tam şəkildə icra edəcək, prosesin digər hissəsi isə bayram günlərində bank və bankomatların işindən asılıdır, - deyə Mehdiyev bildirib.

Azərbaycanda təqaüdçülərin sayı 1,26 milyon nəfər təşkil edir, onlardan 1,03 milyon nəfəri təqaüdü plastik kart vasitəsi ilə alır. Bakıda təqaüd ödənişlərinin avtomatlaşdırılması 100, regionlarda isə təxminən 90 faiz təşkil edir.

2009-cu ildə fondun xərclərinin strukturu üzrə 1,66 milyard manat təqaüd ödənişlərinin payına düşür. Təqaüd ödənişləri strukturu üzrə 1,21 milyard manat (artım 24,2 faiz) əmək təqaüdünün əsas hissəsinin, 450 milyon manat isə əmək təqaüdünün sığorta hissəsinin, həmçinin 49 milyon manat 2008-ci il ərzində inflyasiya səviyyəsində onun indeksiyasının payına düşüb.

Əmək təqaüdü ödənişləri üzrə xərclərin formalaşdırılması zamanı 2009-cu ildə təqaüdə çıxacaq - 1947-ci il təvəllüdlü kişi və qadınlar, həmçinin 1958-ci il təvəllüdlü üç uşaqlı və 1959-cu il təvəllüdlü dörd və daha çoxuşaqlı qadınların sayı nəzərə alınır.

Hesablamalara əsasən, 2009-cu ildə Azərbaycanda təqaüdçülərin orta sayı 1,29 milyon nəfər nəzərdə tutulub.

Martın 16-na olan rəsmi məzənnə 0,8045 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti