...

"FameLab" müsabiqəsi başa çatdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2009 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may / Trend /

Azərbaycandakı Böyük Britaniya Konsulluğu, Qafqaz Universiteti və Azercell Telecom MMC-nin təşkilatçılığı ilə keçirilən "FameLab-2009" (Şöhrət laboratoriyası-2009) müsabiqəsi yekunlaşıb. Şirkətin məlumatında bildirilir ki, bu müsabiqə "Gözəl elm" layihəsinin bir hissəsidir.

Britaniya Konsulluğunun təşəbbüsü sayəsində baş tutan bu tədbir Azərbaycan, Türkiyə, Avstriya, Bolqarıstan, Xorvatiya, Yunanıstan, İsrail, Rumıniya və Serbiya daxil olmaqla, Cənub-Şərqi Avropanın 9 ölkəsində, eləcə də Böyük Britaniyanın özündə də reallaşdırılır. "FameLab" müsabiqəsinin məqsədi elmi kommunikasiya sahəsində yeni istedadları tapıb üzə çıxarmaqdan ibarətdir.

Bu milli istedad yarışmasında elmi əlaqələri olan, elmin təbliğində işləyən insanlar deyil, öz işləri haqqında danışmaq istəyən gənclər tapılaraq ortaya çıxarılıb. Elmi yarışmanın təşkilində məqsəd həm də gənc alimlərə dəstək verməkdir.

"FameLab" ilk dəfə Böyük Britaniyanın Çeltenham Elm Festivalı tərəfindən yaradılıb. Həmin yarışma Azərbaycanda artıq üçüncü ildir ki, keçirilir. Bu ilki müsabiqənin yarım final mərhələləri aprelin 28-29-da Qafqaz Universitetində baş tutub. İlkin mərhələdən keçən 30 gənc 3 dəqiqə ərzində münsiflər heyətinə öz elmi ideyalarını yaradıcı, orijinal formada təqdim etməyə çalışıblar. Yarımfinaldan uğurla keçən 10 istedadlı gənc finala vəsiqə qazanıb.

"Azercell Telecom" MMC-nin Korporativ Əlaqələr və Sosial Məsuliyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə iştirakçılara təmsil etdiyi şirkətin missiyası barədə məlumat verib: "Bizim missiyamız var olan dəyərləri yaşatmaq, onları paylaşmaq və yeni dəyərlər yaratmaqdan ibarətdir. Bu baxımdan, istedadlı gənclərimizə dəstək vermək "Azercell" üçün çox önəmlidir".

Finalda iştirakçılar özlərinin seçdikləri müasir elmi mövzuda 5 dəqiqəlik təqdimatla çıxış ediblər. Burada işığın xasiyyətlərindən tutmuş, elektronların rəngi və dadına aid müxtəlif mövzulardan söz açıldı. Münsiflər heyəti təqdimat barəsində iştirakçılara sual verərək, öz fikirlərini bildiriblər.

Finalda qalib seçilən Elçin Ibrahimov, Qafqaz Universiteti: "Nyutonun qanunları" bu ilin iyununda Böyük Britaniyada keçiriləcək Çeltenham Elm Festivalına vəsiqə qazandı. Lakin "Azercell Telekom" MMC-nin sayəsində yarışma işitrakçılarının heç biri hədiyyəsiz qalmadı. Belə ki, ilkin mərhələyə seçilən 30 iştirakçının hamısına "Azercell"dən xüsusi hədiyyələr və yaddaş kartları təqdim olundu. 10 nəfər finalçıya i-pod hədiyyələri verildi. İkinci və üçüncü yerləri tutan Hafiz Məlikli, Azərbaycan Dövlət Neft Akademiyası: "Nə üçün günəş batanda qırmızı rəngə boyanır?" və Sərhan Talıbzadə, Azərbaycan Dövlət Memarlıq və Inşaat Universiteti: "Atmosfer və atmosfer təzyiqi"  isə rəqəmsal fotoaparat alıblar. Finalda ən çox bal toplayan iştirakçıya- Lalə Aslanovaya, Azərbaycan Tibb Universiteti: "Infarkt", DVD pleyer hədiyyə olundu. Bütün hədiyyələri təqdim edən "Azercell Telekom" ayrıca olaraq, "Azercell-in Simpatiyası" nominasiyasında "Nyutonun qanunları" mövzusu ilə çıxış edən Qafqaz Universitetitinin tələbəsi Elçin Ibrahimovu seçərək, ona mobil telefon hədiyyə edib.

Xəbər lenti

Xəbər lenti