Azərbaycan, Bakı, 22 may / Trend /
Leyla Abdullayeva, Trend -ın analitik mərkəzinin icmalçısı
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən uçot dərəcəsinin 1% endirilməsi gələcəkdə makroiqtisadi tarazlığı, maliyyə stabilliyini və iqtisadi aktivliyi saxlayacaq. Firma və özəl şəxslər üçün ucuz kreditlər iqtisadi konyunkturanın dirçəlməsinə yardım edəcək.
AMB idarə heyətinin 25 may qərarına əsasən, dərəcə 1% azalaraq 2% təşkil edəcək. Ötən il uçot dərəcəsi üç mərhələ ərzində 15-dən 8%-ə endirilib. Cari ilin əvvəlindən isə 3%-ədək enib.
Uçot dərəcəsinin növbəti enməsi Azərbaycanın depozit bazarındakı vəziyyəti yumşaltmağa yardım edəcək. Hazırda qlobal maliyyə böhranı fonunda Azərbaycan əhalisinə də digər ölkələrdə olduğu kimi əmanətçi "panikası" sirayət edib və onlar əmanət yatırarkən bir qədər ehtiyatlı davranırlar. AMB bankların əlavə resurslardan istifadə etmələri üçün şərait yaratdığından bir qədər əmanətçilərin banklara olan inamını bərpa edəcək.
Digər ölkələrdən fərqli olaraq Azərbaycan, kapitalın banklardan irimiqyaslı şəkildə axını ilə qarşı-qarşıya qalmadı. Buna baxmayaraq, 2008-ci illə müqayisədə əmanətlərin enməsi müşahidə edilir. Belə ki, cari ilin martında Azərbaycan banklarının depozit bazası 15,5%, yanvar-mart ərzində isə 28,9% azalıb. İllik hesablamalarda isə bu rəqəm 14,3% təşkil edib.
AMB-nin baza dərəcəsi 2%-lik səviyyədə dünyanın iri mərkəzi bankları arasında ən yüksəklərdən bir olaraq qalır.
Müqayisə üçün: hazırda ABŞ-ın federal rezerv sisteminin həlledici dərəcəsi 0,25%, Yaponiya bankının dərəcəsi 0,1%, Britaniya Mərkəzi Bankının baza dərəcəsi isə 1,5% səviyyəsindədir.
Azərbaycanda uçot dərəcəsinin azaldılması məcburi addım olduğundan və AMB bank sektorunu vaxtında dünya maliyyə böhranından azad etdiyi üçün dərəcəni Avropa ölkələri və ABŞ-dakı səviyyəyə qədər azaltmaq lazım deyil.
Azərbaycanın bank sektorunun xarici borcu cəlb olunmuş vəsaitin 18%-ni təşkil edərək 2 2 milyard dollar təşkil edir. Digər ölkələrdə xarici borc 90-100% təşkil etdiyindən bu rəqəm çox minimaldır və Azərbaycan banklarını dünya maliyyə böhranından qorumağa imkan verəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]