...

Azərbaycan və Suriya ikiqat vergiqoymanın aradan qaldırılması barədə danışıqlar aparıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2009 17:20 (UTC +04:00)
Azərbaycan və Suriya hökumətinin nümayəndə heyəti ikiqat vergiqoymanın aradan qaldırılması, gəlir və kapital vergilərinin ödənilməsindən boyunqaçırmanın qarşısının alınması üzrə danışıqların növbəti raundunu keçiriblər.
Azərbaycan və Suriya ikiqat vergiqoymanın aradan qaldırılması barədə danışıqlar aparıblar

Azərbaycan, Bakı, 27 avqust / Trend /

Azərbaycan və Suriya hökumətinin nümayəndə heyəti ikiqat vergiqoymanın aradan qaldırılması, gəlir və kapital vergilərinin ödənilməsindən boyunqaçırmanın qarşısının alınması üzrə danışıqların növbəti raundunu keçiriblər. Bu barədə cümə axşamı Azərbaycan Vergilər Nazirliyindən verilən məlumatda deyilir.

"İki ölkə nümayəndələri Suriya Prezidenti Bəşşar əl-Əsədin Azərbaycana səfərindən dərhal sonra ikiqat vergiqoymanın aradan qaldırılması barədə müqavilə layihəsinin hazırlığı işini sürətləndiriblər", - məlumatda deyilir.

Keçən həftə Bakıda Suriyanın Maliyyə Nazirliyinin nümayəndə heyəti azərbaycanlı həmkarları ilə müqavilə layihəsinin bəndlərini səmərəli surətdə müzakirə ediblər. Tərəflər layihənin əsas maddələri üzrə prinsipial razılığa gəliblər.

Suriya nümayəndə heyətinin rəhbəri Naim Əlməsri danışıqlar prosesini uğurlu qiymətləndirib.

"Bu müqavilə ikitərəfli kapital qoyuluşu üçün çox vacibdir. Sahibkarlarımız Azərbaycan iqtisadiyyatına sərmayə qoymağı planlaşdırırlar. Lakin sözügedən müqavilə olmadan bunu etmək çox çətindir. Müqavilə layihəsini ən qısa müddətdə razılaşdırmaq niyyətindəyik", - Əlməsri deyib.

Danışıqlar prosesinin nəticəsində tərəflər memorandum imzalayıblar. Danışıqların sonuncu mərhələsi yaxın gələcəkdə Suriyada keçiriləcək.

Suriya Prezidenti Bəşşar əl-Əsəd iyulda Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli iqtisadi əlaqələrin və kapital qoyuluşunun genişləndirilməsi barədə razılaşmaya nail olub. Səfər çərçivəsində 200-dən çox suriyalı sahibkar üçün biznes-forum keçirilib, prezidentlərin iştirakı ilə "investisiyanın həvəsləndirilməsi və mühafizəsi" barədə müqavilə imzalanıb.

Azərbaycan artıq 39 ölkə ilə ikiqat vergiqoymanın aradan qaldırılması, gəlir və kapital vergilərinin ödənilməsindən boyunqaçırmanın qarşısının alınması barədə müqavilə imzalayıb. 28 ölkə ilə sözügedən müqavilə artıq qüvvədədir. 2009-cu ildə İran, Küveyt, Yunanıstanla müqavilə imzalanıb, Lüksemburqla imzalanmış müqavilə qüvvəyə minib, Bolqarıstan, Estoniya, Cənubi Koreya, Macarıstan, Qətər və Tacikistanla müqavilənin tətbiqinə başlanılıb.

Yaxın gələcəkdə Sloveniya, Slovakiya, Liviya, Türkmənistan, Bosniya və Hersoqovina ilə analoji danışıqlara başlamaq planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti