...

DəmirBank plastik kartlar üzrə "5 manata" və "Pulsuz" müddətsiz kampaniyalara başladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2010 12:07 (UTC +04:00)
DəmirBank 1 mart tarixindən etibarən plastik kartlar üzrə "5 manata" və "Pulsuz" müddətsiz kampaniyalara başlayıb. Bu barədə bankın məlumatında bildirilir.
DəmirBank plastik kartlar üzrə "5 manata" və "Pulsuz" müddətsiz kampaniyalara başladı

Azərbaycan, Bakı, 3 mart / Trend , müxbir N.İsmayılova/

DəmirBank 1 mart tarixindən etibarən plastik kartlar üzrə "5 manata" və "Pulsuz" müddətsiz kampaniyalara başlayıb. Bu barədə bankın məlumatında bildirilir.

"5 manata" kampaniyasına əsasən əhali cəmi 5 manat ödəməklə VISA Classic və MasterCard Standard kartlarını əldə edə bilər. Kart hesabına ilkin mədaxil və ya sair ödənişlər tələb edilmir.

"Pulsuz" kampaniyasına əsasən əhali plastik kartı tam pulsuz əldə edə bilər, lakin bu halda müştəri öz kart hesabına ilkin mədaxil etməlidir. Müştəri kartı əldə etdiyi gün hesaba mədaxil etdiyi məbləğdən istifadə edə bilər.

DəmirBank həmçinin əmanətçilərə plastik kartları pulsuz və ilkin mədaxil olmadan təqdim edir, eləcə də əmanətçinin istəyi ilə əmanətin 70% məbləğinədək kartla kredit xətti açıla bilər. DəmirBank özünün sosialyönümlü siyasətinə uyğun olaraq "Xaricdə Təhsil Alanlara Pulsuz Plastik Kart" proqramını da həyata keçirir.

"DəmirBank plastik kartların inkişafı proqramına uyğun olaraq kartlar üzrə bir sıra yeniliklər edib. Yeni kampaniyalar isə əhalinin plastik kart əldə etmək imkanlarını daha da genişləndirəcək. Biz plastik kartlar üzrə digər yeniliklər də nəzərdə tuturuq ki, bunlar da bizim kartlardan müştərilərin daha rahat və fəal istifadə imkanlarını artıracaq", - bu barədə Bankın İdarə Heyətinin sədrinin müavini Yusif Cabbarov bildirib.

Kart hesabı manat, ABŞ dolları, avro və Britaniya funt sterlinqi valyutalarında açıla bilər. Kartlar üzrə 38 günədək faizsiz kredit xətti, kartın individual dizayn ilə sifarişi, 15 - 60 dəqiqə ərzində kartın təcili sifarişi (Ekspress-Kart xidməti), bir kartdan digər karta vəsaitin dərhal köçürülməsi (Card-to-Card xidməti), əməliyyatlar haqqında SMS bildirişlərin mobil telefona alınması (SMS-Bankçılıq), Bankın saytı ilə kartla rabitə, kommunal və digər xidmətlərin / malların ödənişi və sair imkanlar mövcuddur.

DəmirBank plastik kart sahiblərinə ölkədə yeganə olan Telefon-Bankçılıq xidməti də göstərir: plastik kart sahibləri sadəcə 149 nömrəsini yığmaqla DəmirBank-ın "Telefon Məlumat Xidməti"nə zəng edərək kartla rabitə (Azercell, Bakcell, Nar Mobile) və kommunal xidmətlərin (işıq, qaz, su) ödənişini həyata keçirə bilər.

Plastik kartlar üzrə "5 manata" və "Pulsuz" kampaniyaları, eləcə də digər xidmətlər və imkanlar barədə Bankın www.demirbank.az saytından və ya 149 nömrəsinə zəng etməklə ətraflı məlumat əldə etmək olar.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlamışdır. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Xəbər lenti

Xəbər lenti