Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir N.İsmayılov/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinq zamanı 342 kiloqram vaxtı ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.
Monitorinqlər Bakının Xətai rayonunda, Mingəçevir və Zaqatala şəhərlərində, Ağdaş və Quba rayonlarında keçirilib.
Mağazalardan vaxtı ötmüş qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, balıq və digər dəniz məhsulları, sərinləşdirici içkilər, meyvə şirələri, pivə, uşaq yeməkləri və s. aşkar olunub.
İstehlakçı hüquqlarını pozan fiziki və hüquqi şəxslər barəsində inzibati tədbirlər görüləcək.