Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir E.İsmayılov/
Moskva ərazisində torf bataqlığının alovlanması nəticəsində əmələ gələn yanğınlara baxmayaraq, Bakı-Moskva-Bakı istiqamətində aviareyslərin həyata keçirilməsində problem müşahidə olunmur. Bu barədə cümə günü "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən bildiriblər.
"Bu istiqamətdə reyslərin həyata keçirilməsi ilə bağlı heç bir problem yoxdur", - AZAL-da qeyd ediblər.
"Lenta.ru"nun verdiyi məlumata görə, havanı qatı tüstü bürüməsinə görə, paytaxtın "Domodedovo" və "Vnukovo" aeroportları 40-dan çox reysi qəbul edə bilməyib və 20-yə yaxın təyyarəni yola sala bilməyib. Hava limanlarının işi "faktiki hava ilə" müəyyən edilir; yəni qalxma və enmə ilə qərarı ekipaj komandirləri müstəqil surətdə qəbul edirlər.
Enən təyyarələrin bir hissəsi "Şeremetyevo"dakı ehtiyat aerodroma, daha bir neçə reys isə Nijni-Novqorod, Sankt-Peterburq, Voronej, Qazan və Xarkova yönəldilib.
Rusiyada cari ilin yay fəsli çox isti keçir. Bunun nəticəsi olaraq, ölkənin orta zolağında, Povoljyedə, Uzaq Şərqdə və digər regionlarda meşə və torf yanğınları vüsət alıb. Daha çox zərər çəkmiş regionlar arasında Nijqorod və Voronej diyarlarını göstərmək olar. Alov Rusiyanın əksər böyük şəhərlərinin şəhərətrafı yerlərinə gəlib çatıb. Təxminən, 50 nəfər həlak olub; alov 1200-dən çox evi məhv edib. Yanğın sahəsi 500 hektarı ötüb.