Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İ.Xəlilova/
Azərbaycanda yeganə şəkər istehsalı zavoduna malik "Azersun Holding" şirkətlər qrupu dünya bazarlarındakı vəziyyətə baxmayaraq, şəkərin qiymətinin artmasının qarşısını almaqda davam edir. Bu barədə holdinqdən bildiriblər.
"Azersun Holding"in ölkədə şəkərin qiymətinin artmasının qarşısını almasına baxmayaraq, son ay yarımda dünya bazarlarında şəkərin qiyməti 80 faiz artıb", - holdinqdən deyiblər.
Dünya bazarlarında şəkərin qiymətinin artması şəkər çuğunduru istehsal edən ölkələrin ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədardır. Bununla belə, dünya bazarlarında Hindistan və Braziliyada şəkər xammalının rekord məhsuldarlığını gözləyirlər, bu ölkələri isə dünyada əsas şəkər istehsalçısı adlandırmaq olar. Dünya şəkər bazarında vəziyyət daima dəyişir. Ötən il şəkər xammalına birja qiymətləri bir neçə dəfə öz tarixi maksimumuna, yəni son 28 ilin maksimumuna çatıb. Azərbaycan bazarı şəkərin bahalaşmasına yeganə istehsalçı İmişli şəkər zavodu tərəfindən reaksiya verib. Ötən ilin payızında şəkər ilin əvvəlinə nisbətdə 11 faiz baha olub. Bu il şəkərin qiyməti ilə bağlı vəziyyət bir qədər sabitdir.
"Şəkərin qiymətinin artmasının qarşısını zavodun anbarlarındakı ehtiyatlar və fermerlərin şəkər çuğundurunun istehsalını artırması hesabına almaq olar, - holdinqdən deyiblər. - Gələcəkdə şəkərin qiymətini indiki səviyyədə saxlamaq mümkün olmasa, bu məsələyə yenidən baxılacaq".
İndiyədək Azərbaycanda şəkər istehsalı üçün xammalın əksər hissəsi ölkəyə xaricdən idxal edilib. İstehsalın müəyyən hissəsi ölkədə yetişidirilən şəkər çuğundurunun emalı sayəsində həyata keçirilir. 2009-cu ildə İmişli zavodu şəkər çuğundurunun istehsalı ilə məşğul olan üç min torpaq sahibi ilə saziş bağlayıb.
2006-cı ildən etibarən "Azersun" fermerlərə bütün lazımi kömək göstərməklə, ölkədə şəkər çuğundurunun yetişdirilməsi sahəsində aktiv fəalliyyət göstərir.
İndi İmişli zavodunda istehsal olunan şəkər həm ölkənin daxili tələbatının təmininə, həm də Orta Asiya ölkələrinə ixraca gedir və zavod üçün məhsulunun rəqabət qabiliyyətli olması çox vacibdir.
Hazırda İmişli zavodunun məhsulunun həcmi, demək olar, Azərbaycanın şəkərə olan tələbatını iki dəfə ötür: zavodda illik şəkər istehsalı daxili bazarın 230-250 min ton tələbatı ilə müqayisədə 400-450 min ton təşkil edir.
İmişli zavodunun məhsulu Türkmənistan, Əfqanıstan, Gürcüstan, Ukrayna və İraqa ixrac edilir.
"Azersun Holding" 1992-ci ildə yaradılıb. Holdinqin fəaliyyət sahələri çay, bitki yağlarının emalı və qablaşdırılması, ticarət və distribüterlik, inşaat, bank işi, sığorta, karton-kağız məmulatlarının, ət və tərəvəz konservlərinin istehsalı, yüklərin daşınması, saxlanması və s.-dən ibarətdir.