...

BMK 2014-cü ilədək Azərbaycan üzrə portfeli iki dəfədən çox artırmağı planlaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2010 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İ.Xəlilova/

Beynəlxalq Maliyyə Korporasiyası (BMK Dünya Bankı qrupuna daxildir) Dünya Bankının Azərbaycan hökuməti ilə 2011-2014-cü illər üçün hesablanan tərəfdaşlığın yeni strategiyasının həyata keçirilməsinin sonunadək ölkədə əməliyyatlar portfelini 200 milyon dollara çatdırmağı planlaşdırıb. Bu barədə çərşənbə günü Korporasiyanın Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova bildirib.

İndi BMK-nın Azərbaycan üzrə portfeli 97 milyon dollar təşkil edir. Bunun 60 faizi maliyyə sektorundakı layihələrin, 18 faizi neft sektorunun payına düşür, qalan vəsaitlər isə real sektorlara yönəlib.

"Mühafizəkar ssenariyaya əsasən, biz ildə 50 milyon dollar investisiya edəcəyik", - Əzimova qeyd edib.

Onun sözlərinə görə, əməkdaşlığın növbəti illərində daha çox Azərbaycanın real iqtisadi sektorundakı layihələrin, xüsusilə də aqroemal, informasiya texnologiyaları, logistik mərkəzlərin, soyuducu anbarların və infrastruktur sahəsində özəl şirkətlərin digər layihələrinin yaradılmasının müzakirəsi planlaşdırılıb.

BMK texniki yardım sahəsində mövcud layihələr çərçivəsində dəstəyin davam etdirilməsi niyyətindədir. Maliyyə sektorunda Korporasiya kredit və informasiya sistemlərinin, menecment riskinin, böhran dövründə kredit portfelinin idarə edilməsinin təkmilləşdirilməsinə texniki yardım göstərir.

Maliyyə sektorunda korporasiya üçün kiçik və orta biznesin inkişafının, bank sistemi vasitəsilə ticarət sektorunda likvidliyin maliyyələşməsi prioritet hesab edilir.

BMK 2010-cu maliyyə ilində Avropa və Mərkəzi Asiyadakı 105 layihəyə rekord məbləğdə - üç milyard dollar investisiya yatıraraq, qlobal iqtisadi böhrandan ciddi ziyan çəkən regionlara lazımi köməyi təmin edib. 30 iyun 2010-cu il tarixdə başa çatan maliyyə ili ərzində yeni investisiyaların yarıdan çoxu şirkət və özəl müştərilərin lazımi maliyyədən yararlanmasını təmin etmək məqsədilə regional banklara yönəlib. Təxminən bu vəsaitlərin yarısı aşağı gəlir səviyyəsinə malik region və ölkələrə investisiya edilib.

BMK-nın böhranın qarşısının alınması proqramları əhəmiyyətli nəticələrə nail olaraq, Likvidliyin verilməsi üzrə Qlobal Proqram (Global Trade Liquidity Program) və Ticarətin maliyyələşdirilməsinin Qlobal Proqramı (Global Trade Finance Program) vasitəsilə idxalçı və ixracatçı şirkətlərin dəstəklənməsinə 560 milyon dollar və Borcların və aktivlərin bərpası Proqramı (Debt and Asset Recovery Program) vasitəsilə pis borc və aktivlərlə iş üzrə alətlərə 120 milyon dollardan çox investisiya yatırıb.

Qeyri-maliyyə sektoruna investisiyalar 759 milyon dollar - o cümlədən 208 milyon dollar aqrobiznesə və 61 milyon dollar səhiyyə və təhsil sektorundakı layihələrə - təşkil edib.

Xəbər lenti

Xəbər lenti