Azərbaycan, Bakı, 25 fevral /Trend/
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yaradılmış Ekologiya üzrə Texniki Komitə ekologiya sahəsində dörd standartın son variantını təsdiq edib. Trend-in məlumatına görə, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin cümə günü rəsmi internet saytında yerləşdirilən məlumatda deyilir.
Bu standartların dövlət qeydiyyatına alınması üçün onların Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edilməsi ilə bağlı qərar qəbul edilib.
Texniki Komitə tərəfindən AZS 563-2011 "Ətraf mühitin idarə olunması. Ekoloji effektivliyin qiymətləndirilməsi. Ümumi tələblər", AZS 566-2011 "Ətraf mühitin mühafizəsi. Atmosfer havası. Atmosfer havasında azot oksidlərinin (NOx) naftietilendiaminlə spektrofotometrik metodla təyini", AZS 567-2011 "Ətraf mühitin mühafizəsi. Atmosfer havası. Atmosfer havasında tozun (asılı bərk hissəciklərin) qravimetrik metodla təyini", AZS 564-2011 "Torpağın keyfiyyəti. Torpağı qeydiyyata almaq üçün format və ərazi haqqında məlumat" standart layihələri təsdiq edilib.
Texniki Komitənin hazırladığı MT 005-2011 "Təbii və süni göllərdən su nümunəsinin götürülməsinə dair metodiki təlimat", MT 006-2011 "Dib çöküntülərindən və lildən nümunələrin götürülməsinə dair metodiki təlimat", MT 007-2011 "Su axınlarından və çaylardan nümunələrin götürülməsinə dair metodiki təlimat", MT 008-2011 "Dəniz sularından nümunənin götürülməsinə dair metodiki təlimat", MT 009-2011 "Çirkab sulardan nümunənin götürülməsinə dair metodiki təlimat" layihələrinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edilməsi ilə də bağlı qərar qəbul edilib.