Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir N.İsmayılova/
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Günay Sığorta" ASC-nin ümumi məbləği 0,9 milyon manat olan adi, sənədsiz, adlı səhmlərini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə dövlət komitəsinin çərşənbə günü yaydığı məlumatda deyilir.
Emissiyaya nominal dəyəri 1000 manat olan 900 ədəd səhm daxildir. Hazırda şirkətin nizamnamə kapitalı 2 milyon manat təşkil edir. Emissiya yerləşdirildikdən sonra kapital 2,9 milyon manata çatdırılacaq.
1992-ci ildən fəaliyyət göstərən "Günay Sığorta"nın yeganə səhmdarı Azərbaycanın səhmdar bankı "Günay Bank"dır. 2011-ci ilin yanvar-fevral aylarında şirkətin sığorta haqları 0,024 milyon manat ödənişlə 0,104 milyon manat təşkil edib.
Azərbaycan Maliyyə Nazirliyinin minimal tələbinə əsasən, 2011-ci il yanvarın 1-nə sığorta şirkətlərinin kapitalı 3 milyon manat təşkil etməlidir.
Ötən il "Günay Sığorta"nın kapitallaşma ilə bağlı problemləri olub. Bunun nəticəsində 2010-cu il mayın 7-də "Günay Sığorta"nın fəaliyyət lisenziyası Azərbaycan Maliyyə Nazirliyi tərəfindən müvəqqəti dayandırılmışdı. Nazirlik bunu şirkətin Dövlət Sığorta Nəzarəti Xidmətinin sığorta qanunvericiliyi ilə müəyyən olunmuş ödəniş qabiliyyəti normativləri və sığortaçıların maliyyə sabitliyinin yerinə yetirilməsi ilə bağlı tələblərini ödəməməsi ilə əsaslandırıb. Lisenziya 2010-cu il avqustun 30-da əvvəllər aşkar edilən pozuntuların aradan qaldırılması ilə əlaqədar bərpa edilib.
Martın 16-na olan rəsmi məzənnə 0,7933 AZN/USD təşkil edir.