...

"DəmirBank" səhmdarlara 1 milyon manat dividend ödəyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2011 16:37 (UTC +04:00)
"DəmirBank"ın səhmdarlarının ümumi yığıncağının qərarına əsasən, bankın səhmdarlarına 1 milyon manat məbləğində dividend ödəniləcək.
"DəmirBank" səhmdarlara 1 milyon manat dividend ödəyəcək

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Azərbaycan bank "DəmirBank"ın səhmdarlarının ümumi yığıncağının qərarına əsasən, bankın səhmdarlarına 1 milyon manat məbləğində dividend ödəniləcək. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Bankın səhmdarlarının yığıncağı iyulun 23-də keçirilib. Səhmdarlar kənar auditor tərəfindən təsdiqlənən və Audit Komitəsi tərəfindən tövsiyə edilən 2010-cu ilin yekunlarına dair bankın illik maliyyə hesabatını, səhmlərin 1 milyon manat məbləğində növbəti emissiyasının nəticələrini təsdiq ediblər.

Bankın törəmə müəssisəsi "ADB Broker" MMC-nin fəaliyyətinin ölkənin qiymətli kağızlar bazarında genişləndirilməsi və xarici bazara çıxması üçün zəmin yaradılması məqsədilə müəssisənin 106 min manat məbləğində bölüşdürülməmiş mənfəəti hesabına nizamnamə kapitalının artırılması barədə qərar qəbul edilib.
Bankda növbəti audit yoxlamasının aparılması üçün yeni audit şirkətinin seçilməsi üzrə tender elan olunması barədə qərar qəbul edilib.

"Bankın fəaliyyəti nəticəsində 2010-cu ildə əldə edilmiş və Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq "PriceWaterhouseCoopers" beynəlxalq auditor şirkəti tərəfindən təsdiqlənən xalis mənfəətdən 1 milyon manat dividend şəklində səhmdarlar arasında bölüşdürüləcək. Bu məbləğdən ilk növbədə imtiyazlı səhmlər üzrə illik 15% ödəniləcək, qalan məbləğ adi səhmlər üzrə mütənasib qaydada bölüşdürüləcək", - bankın idarə heyətinin sədri Roman Əmircanov bildirib.

Bu, 2011-ci ildə DəmirBankın səhmdarlarının ikinci ümumi yığıncağıdır. 20 aprel 2011-ci il tarixdə səhmdarlarının növbədənkənar ümumi yığıncağında Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) tərəfindən təşkil ediləcək 30 milyon ABŞ dolları məbləğinədək sindikativ kreditin cəlb edilməsinə razılıq verilib.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Avqustun 2-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti