Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir N.İsmayılova/
MDB ölkələri işlərin qaydaya salınması və əlaqələndirilməsi hesabına vergi və maliyyə cinayətlərinin araşdırılması ilə bağlı ciddi problem hiss etmirlər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda keçirilən MDB üzvü olan ölkələrin Vergi (maliyyə) təhqiqatları orqanları rəhbərlərinin Əlaqələndirmə Şurasının XIII iclasında Rusiyanın daxili işlər nazirinin müavini İqor Aleşin deyib. İclas çərçivəsində Aleşin Əlaqələndirmə Şurasının sədri seçilib.
"Bu gün biz Şuranın XIII iclasını keçiririk və ilk növbədə, ötən iclasdan sonra görülən işlərə yekun vurmalıyıq. Hesab edirəm ki, Əlaqələndirmə Şurasının nizamladığı işlər sayəsində işimizdə ciddi problem yoxdur", - o deyib.
Aleşinin sözlərinə görə, iclas çərçivəsində operativ axtarış tədbirlərinin görülməsi və vergi cinayətlərinin araşdırılması sahəsində məsələlərə baxılacaq.
"Cinayətkarlıq üçün sərhəd yoxdur və vergi araşdırmaları ilə məşğul olan orqanlar qarşılıqlı fəaliyyətdə olmalıdırlar", - o deyib.
Şuranın ikigünlük iclası ərzində MDB məkanında iqtisadi təhlükəsizliyin müdafiəsində strukturun rolu, MDB ölkələri vergi (təhqiqat) orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də cinayətkarlıqla mübarizə, birgə xüsusi əməliyyatların aparılması və əməliyyat-axtarış fəaliyyəti müzakirə olunacaq.
Görüşdə cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq edən MDB ölkələrində rəhbər strukturların əlaqələndirici iclası və Nizamnaməsi haqqında qərarın layihəsinə baxılacaq.
MDB üzvü olan ölkələrin Vergi (maliyyə) təhqiqatları orqanları rəhbərlərinin Əlaqələndirmə Şurası 1999-cu ilin iyununda yaradılıb. Şuranın son iclası 2010-cu ildə Qazaxıstanda keçirilib.