...

Fazil Məmmədov: 2012-ci ildə Azərbaycanda hüquqi şəxslərin e-qeydiyyatına başlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2011 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr /Trend müxbir N.İsmayılova/

2012-ci il yanvarın 1-dən Azərbaycanın vergi orqanlarında kommersiya hüquqi şəxslərin elektron qeydiyyatı prosesinin işə salınacağı gözlənilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə vergilər naziri Fazil Məmmədov deyib.

"Hazırda bəzi texniki məsələlər tamamlanır və sistemin proqramlaşdırılması aparılır. Lakin biz 99 faiz əminik ki, 2012-ci il yanvarın 1-dən bu layihəni işə salacağıq və hüquqi şəxslər onlayn rejimdə qeydiyyatdan keçə biləcəklər", - Məmmədov bildirib.

Onun sözlərinə görə, xidmətlərin tətbiqi prosesində fasilə yaranacaqsa, o zaman bu, 1-1,5 aydan çox vaxt aparmayacaq.

Ölkədə kommersiya hüquqi şəxslərin elektron qeydiyyatının tətbiqindən sonra fərdi eyniləşdirilmış nömrənin əldə edilməsi internet vasitəsilə ərizənin göndərilməsi yolu ilə mümkün olacaq. Bu, "bir pəncərə" sisteminin təkmilləşdirilməsinə və Azərbaycanın investisya imkanlarının yaxşılaşmasına kömək edəcək.

Biznesin "bir pəncərə" vasitəsilə qeydiyyatı 2008-ci ilin əvvəlində tətbiq edilib və Vergilər Nazirliyində həyata keçirilir.

Vergilər Nazirliyi 2011-ci ilin iyulun 1-dən ilk dəfə olaraq, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin onlayn qeydiyyatına başlayıb.

Fiziki şəxslərin onlayn qeydiyyatının tətbiqi ildə təxminən 1 milyon manata qənaət etməyə və qeydiyyata ayrılan vaxtın iki gündən 2-3 dəqiqəyə qədər azaldılmasına imkan verdi ki, bu da vergi orqanlarının səmərəli fəaliyyətini artırdı.

Noyabrın 22-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti