...

Mərkəzi Bank maliyyə savadlılığı mövzusunda treninq keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2012 10:20 (UTC +04:00)
Mərkəzi Bank maliyyə savadlılığı mövzusunda treninq keçirib
Mərkəzi Bank maliyyə savadlılığı mövzusunda treninq keçirib

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzi Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (AƏBBƏF) ilə birgə "Maliyyə savadlılığı" layihəsi çərçivəsində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Liseyinin bazasında "Banklar məktəblərə-məktəblər banklara" mövzusunda seminar keçirib.

Bankdan Trend-ə verilən məlumata görə, 7-14 aprel 2012-ci il tarixlərində keçirilən seminarın əsas məqsədi gələcəkdə məktəb kurikulumlarında maliyyə maarifləndirilməsi aspektinin gücləndirilməsi, bankların bu işə marağının artırılması, onların təkliflərinin öyrənilməsi olub.

Seminar tədbirlərində Respublika Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutunun məsul işçiləri, habelə kommersiya banklarının əməkdaşları və Biləsuvar Liseyinin müəllimləri iştirak ediblər. Almaniyadan dəvət olunmuş ekspert, fəlsəfə doktoru Knut Boykun məşğələləri seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Seminarda maliyyə savadlılığı, cib xərcliyi, büdcə planlaşdırılması, əmanətlər, bank məhsulları, sahibkarlıq və sair mövzular üzrə məlumatların müxtəlif fənlərin tədrisi prosesində istifadəsi, həmin mövzuların müxtəlif fənn kurikulumları və tədris proqramlarına inteqrasiyası barədə təqdimatlar keçirilmiş, interaktiv müzakirələr aparılıb.

Lisey müəllimlərindən və kommersiya banklarının əməkdaşlarından ibarət yaradılan işçi qrupları tərəfindən cari ilin avqust ayına qədər əhalinin maliyyə savadlılığının artırılmasında istifadə oluna biləcək müxətlif alətlərin hazırlanması nəzərdə tutulub.

Seminarın yekununda iştirakçılara Mərkəzi Bankın strateji fəaliyyət istiqamətlərindən biri olan "Maliyyə savadlılığı" layihəsi barədə qısa məlumat verildi. İştirakçılar seminarda əldə olunmuş uğurlu nəticələri yüksək qiymətləndirərək məktəb şagirdlərinin maliyyə maarifləndirilməsi işinin gücləndirilməsi üçün banklar və təhsil orqanlarının birgə fəaliyyətinin əhəmiyyətini xüsusi qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti