Azərbaycan, Bakı, 29 may /Trend/
Mayın 26-da "Excelsior Hotel Baku" hotelində açıq hovuz ətrafında təqribən 250 tamaşaçı Avropanın ən nüfuzlu mədəniyyət tədbiri olan "Eurovision 2012" mahnı müsabiqəsinin final konsertini böyük ekranda izləyib. Yağış yağsa da, möhtəşəm "Bakı Kristal Zalı"nda 26 ölkənin nümayəndələrinin ifa etdikləri mahnılar qonaqlar tərəfindən maraqla qarşılanıb, bir-birindən gözəl musiqilərin ritmləri altında tamaşaçılar doyunca rəqs edib və sevimli mahnılarını alqışlayıblar.
"AtaHolding"dən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, "Excelsior Hotel Baku" hotelinin baş meneceri Nataliya Solovyova "Eurovision" həyacanını musiqisevərlərlə bir yerdə yaşamağın sevincindirici olduğunu və mehmanxanada iyun ayının 2-də yay mövsümünün açılacağını bildirib.
"Qürür hissilə Azərbaycanın yüksək səviyyədə təşkil etdiyi "Eurovision 2012" mahnı müsabiqəsinin final konsertini açıq hovuz ətrafında 6mX4m və HD keyfiyyətində izlənilməsi zalda olmaq təsiri yaratdı. İnsanlar burada istirahət üçün yaradılmış geniş şəraitdən yararlanaraq gecə boyu bol əyləndilər. Bildirmək istəyirəm ki, "Excelsior Hotel Baku" mehmanxanasında açıq hovuz ətrafında istirahət etmək bütün yay boyu mümkün olacaq və futbol üzrə 2012-ci il Avropa çempionatının bütün oyunlarının açıq hovuz ətrafında translyasiyası planlaşdırılıb. Açıq hovuz ətrafında bar, kafe, fon musiqisi və uşaq hovuzu qonaqların xidmətində olacaq", - o deyib.
Qeyd edək ki, 2006-cı ildə istifadəyə verilmiş "Excelsior Hotel Baku" Azərbaycanda ilk 5 ulduzlu beynəlxalq standartlara uyğun mehmanxana kompleksidir. Mehmanxana 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 "Heritage" standart, 9 "Duke" kiçik otaqlardan, iclas otaqları və biznes mərkəzlərindən, restoranlar, "Aura" sağlamlıq mərkəzindən və s. ibarətdir.