Azərbaycan, Bakı, 18 iyul /Trend/
Bu gün "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatının Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 14/2 ünvanında yerləşən Bakıxanov filialının yeni ofisinin açılış mərasimi keçirilib. Trend-in məlumatına görə, bu barədə qurumun çərşənbə günü yaydığı məlumatda deyilir.
Tədbirdə "FINCA Azerbaijan"ın rəhbər şəxsləri, Avropa Yenidənqurma və İnkişaf Bankının və digər bankların nümayəndələri iştirak etmişdirlər.
2006-cı ildən fəaliyyət göstərən Bakıxanov filialı hal-hazırda 3 million ABŞ dolları portfeli ilə 2600 nəfərdən artıq müştəriyə xidmət göstərir. Filialın müştəriləri minimal sənədlə, qısa müddət ərzində Həmrəy Kredit Qrupu, Ekspres Kredit, Kiçik və Orta Sahibkarlıq və Fərdi Kənd Kredit məhsulları üzrə 50 000 USD-ə qədər kreditlər əldə edə bilərlər. Məhəmmədli, Kürdəxanı, Zığ, Əmircan və digər qəsəbələrdə yaşayan və təsərrüfatla məşğul olan müştərilərin kredit tələbatlarını nəzərə alaraq yaxın zamanda Bakıxanov filialında Kənd Kredit Qrupu məhsulu üzrə kreditlərin verilməsi də planlaşdırılır.
Bakıxanov filialının yeni ofisinin açılış mərasimində iştirak edən "FINCA Azerbaijan"nın Abşeron Regionu Əməliyyat meneceri Yaşar Nəcəfov deyib: "Müştərilərə daha yaxın və daha rahat xidmət göstərilməsi üçün son 3 ay ərzində Abşeron bölgəsində Xırdalan, Mərkəz və Bakıxanov filiallarının yeni ofisləri açılıb. Yaxın zamanda "FINCA Azerbaijan"nın yeni Binəqədi filialının fəaliyyətə başlaması da gözlənilir".
"FINCA Azerbaijan" 5 qitənin 21 ölkəsində fəaliyyət göstərən və ortaq təcrübənin qlobal şəbəkəsini yaradan "FINCA International Inc."a məxsus olan və onun tərəfindən idarə edilən FINCA Mikro-maliyyə Holdinqin (FMH) törəmə şirkətidir. FMH FINCA-nın missiyasını - öz işlərini yaratmaq, aktivlərini qurmaq və həyat standartlarını yüksəldə bilmək üçün aşağı gəlirli sahibkarları maliyyə xidmətləri ilə təmin etmək - bölüşən sosial məsuliyyətli investisiya tərəfdaşlarının fondları hesabına maliyyələşərək fəaliyyət göstərir. Ölkədə lider MMİ-larından biri kimi "FINCA Azerbaijan" müştəriləri Kənd Qrup Krediti, Həmrəy Qrup Krediti, Fərdi Ekspres Krediti, Kiçik və Orta Sahibkarlıq Krediti və Fərdi Kənd Kreditləri məhsulları daxil olmaqla bir sıra maliyyə məhsulları və xidmətləri ilə təmin edən və onlara həyat vasitələrini yüksəltmə imkanı yaradan 29 filial və 36 sub-filialı vasitəsilə 125,000 nəfərdən çox aktiv müştəriyə xidmət göstərir. "FINCA Azerbaijan" fəaliyyətin və davamlılığın ən yüksək kommersiya prinsiplərinə sadiqdir.