...

Gürcüstan Azərbaycanın əmək və sosial müdafiə sahəsində təcrübəsini öyrənir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2012 15:36 (UTC +04:00)
Dünya Bankının təşəbbüsü və təşkilatçılığı ilə cari ilin aprel-may aylarında Londonda keçirilən "Sosial təminat şəbəkəsinin öyrənilməsi" mövzusunda beynəlxalq konfransda Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrinin ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahəsində həyata keçirilən siyasət barədə verdikləri məlumatlar üzv ölkələrin, o cümlədən Gürcüstanın təmsilçilərində böyük maraq doğurub.
Gürcüstan Azərbaycanın əmək və sosial müdafiə sahəsində təcrübəsini öyrənir (FOTO)

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Dünya Bankının təşəbbüsü və təşkilatçılığı ilə cari ilin aprel-may aylarında Londonda keçirilən "Sosial təminat şəbəkəsinin öyrənilməsi" mövzusunda beynəlxalq konfransda Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrinin ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahəsində həyata keçirilən siyasət barədə verdikləri məlumatlar üzv ölkələrin, o cümlədən Gürcüstanın təmsilçilərində böyük maraq doğurub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq, respublikamızda qeyd olunan sahədə əldə olunan təcrübənin öyrənilməsi məqsədilə Gürcüstanın əmək, səhiyyə və sosial məsələlər üzrə nazir müavini İrakli Nadareyşvili və məşğulluq nazirinin müavini Nikolaz Ramişvili iyulun 22-dən etibarən Azərbaycanda səfərdədir.

İyulun 23-də Gürcüstanın hər iki nazir müavini ilə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri İlqar Rəhimov və Natiq Məmmədov, nazirliyin Aparat rəhbəri Elnur Kələntərov arasında görüş keçirilib. Görüşdə qonaqları səmimi salamlayan nazir müavini İlqar Rəhimov Azərbaycan və Gürcüstan arasındakı ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq bildirib ki, bu gün iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı getdikcə güclənir. Xüsusən də regional və ümumən beynəlxalq əhəmiyyətli iri iqtisadi layihələrin icrasında Azərbaycan və Gürcüstan çox fəal əməkdaşlıq həyata keçirirlər.

İki ölkənin yaxın qonşuluq və dostluq münasibətlərinə əsaslanan əməkdaşlığının əmək və əhalinin sosial müdafiəsi sahəsini də əhatə etdiyini qeyd edən nazir müavini İlqar Rəhimov digər sahələrdə olduğu kimi, bu sahədə də əməkdaşlığın inkişafına Azərbaycan tərəfinin xüsusi önəm verdiyini, bunun üçün nazirlik tərəfindən bütün lazımi səylərin göstəriləcəyini vurğulayıb.

Nazir müavini İrakli Nadareyşvili səmimi qarşılanmaya görə öz təşəkkürünü bildirərək, Azərbaycanda əldə olunan dayanıqlı iqtisadi inkişaf dinamikasının yaxın qonşu və dost ölkə kimi Gürcüstan tərəfində məmnunluq hissi doğurduğunu və bu gün ölkəsində də inkişaf meyllərinin davamlı xarakter aldığını diqqətə çatdırıb. Qeyd olunub ki, Gürcüstan da əmək və əhalinin sosial müdafiəsi, həmçinin məşğulluq sahəsində islahatlar aparan bir ölkədir və bu sahədə Azərbaycanda əldə olunan nailiyyətlər və mövcud təcrübənin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.

Görüş zamanı hər iki ölkənin nazirliklərinin fəaliyyət sahələrinə aid olan məsələlər və ikitərəfli əməkdaşlıqla bağlı gələcək perspektivlər müzakirə edilib, eyni zamanda, ünvanlı sosial yardım, aktiv sosial tədbirlər, məşğulluq və əməyin mühafizəsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Həmçinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan sosial yönümlü layihələrin və dövlət investisiya proqramları əsasında hazırlanan sosial obyektlərin təqdimatı olub. Daha sonra Gürcüstanın hər iki nazir müavini nazirlikdə bölgələrlə birbaşa videoəlaqə yaratmağa imkan verən videokonfrans zalında olub və onlar ayrı-ayrı bölgələrin sakinləri ilə distant formada əlaqə saxlayıblar.

Səfər çərçivəsində qonaqlar Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktur bölmələrinin fəaliyyəti, aztəminatlı ailələr üçün aktiv sosial yardım proqramları, o cümlədən "Özünədəstək" proqramı, Sosial Dəstək Fondunun yaradılmasına hazırlıq işləri, aktiv əmək bazarı proqramları və s. ilə yaxından tanış olacaqlar.

Xəbər lenti

Xəbər lenti