...

Dövlət Xəzinədarlığında tətbiq olunan layihə qızıl mükafata layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2012 15:24 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində tətbiq edilən "Xəzinədarlığın İnformasiya İdarə edilməsi Sistemi" (XİİS) layihəsi Almaniyanın SAP AG şirkəti tərəfindən "SAP Quality Award 2012 for CIS" (Gold Winner) qızıl mükafatına layiq görülüb.
Dövlət Xəzinədarlığında tətbiq olunan layihə qızıl mükafata layiq görülüb

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində tətbiq edilən "Xəzinədarlığın İnformasiya İdarə edilməsi Sistemi" (XİİS) layihəsi Almaniyanın SAP AG şirkəti tərəfindən "SAP Quality Award 2012 for CIS" (Gold Winner) qızıl mükafatına layiq görülüb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xəzinədarlığı Agentliyində dünya miqyasında geniş tətbiq edilən, biznes proseslərinin idarə olunmasında mütərəqqi proqram təminatı hesab edilən SAP ERP həlli əsasında "Xəzinədarlığın İnformasiya İdarə edilməsi Sistemi" tətbiq olunub.

Dövlət Xəzinədarlığında maliyyə əməliyyatlarının avtomatlaşdırılması məqsədini daşıyan sistem Almaniyanın SAP AG şirkəti tərəfindən keçirilən MDB ölkələrində "Böyük şirkətlərdə SAP proqram təminatının tətbiq edilməsi" kateqoriyası üzrə müsabiqədə qalib gəlib və "SAP Quality Award 2012 for CIS" (Gold Winner) qızıl mükafatına layiq görülüb. Qiymətləndirmənin kriteriyalarına SAP-ın keyfiyyət prinsipinə əməl olunması parametri, effektivlik, həmçinin, layihələrin unikal xüsusiyyətləri nəzərə alınmaqla tətbiqin rentabelliyi və məcmu dəyəri kimi əsas göstəricilər daxil edilir.

İnformasiya sisteminin yaradılmasının əsas hədəfləri Xəzinədarlıq vasitəsilə büdcə xərclərinin icra mexanizminin təkmilləşdirilməsi, dövlət büdcəsinə daxil olan vəsaitlərin avtomatik uçotunun qurulması, onların daha səmərəli istifadə edilməsi, bu sahədə şəffaflığın artırılması, risklərin minimallaşdırılması və pul vəsaitlərinin çevik idarə olunması, məlumatların daha operativ emal edilməsindən ibarətdir.

SAP AG şirkəti idarəetmədə tətbiq olunan proqram təminatı üzrə dünyanın qabaqcıl şirkətlərindən biri olaraq 25-dən artıq sahədə xidmət göstərir. Şirkətin 120 ölkədə 82 mindən çox müştərisi mövcüddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti