Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir E.İsmayılov/
2012-ci idə "Azərbaycan Dəmir Yolları" QSC-nin gəlirləri 222,7 milyon manat olub. Trend-in məlumatına görə, bu barədə QSC-nin rəhbəri Arif Əsgərovun cümə günü "Respublika" qəzetində dərc olunmuş məqaləsində deyilir.
"QSC-nin yükdaşımalar üzrə ötən ilin birinci yarısında əldə etdiyi gəlirlərin ümumi həcmi 207,7 milyon manat təşkil edib, yerdə qalan 15 milyon manat isə sərnişin daşımaların payına düşüb", - Əsgərov bildirib.
Ümumilikdə, ötən ilin yekunları üzrə QSC-nin məxarici 198 milyon manat, mədaxili isə 24,7 milyon manat təşkil edib.
Xərclərin ümumi həcmində işçilərin əməkhaqqı xərcləri 68,7 milyon manat təşkil edib. 14,2 milyon manat Sosial Müdafiə Fondunun hesabına köçürülüb, 7,5 milyon manat dövlət vergilərinin ödənilməsinə yönəldilib. Habelə ötən ilin birinci yarısında elektrik enerjisindən, yanacaq və sudan istifadəyə görə 36,2 milyon manat ödənilib. Yerdə qalan 43,1 milyon manat başqa xərclərin payına düşüb.