...

"TuranBank"ın İdarə Heyətinin sədri Nazim Sadıqov: “21 illik fəaliyyət tarixi ərzində "TuranBank" gələcəyə hədəflənmiş brend yaradıb”

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2013 12:37 (UTC +04:00)
12 iyun 2013-cü il tarixində TuranBank ASC-nin 21 yaşı tamam olur. Həmsöhbətimiz TuranBankın İdarə Heyətinin sədri Nazim Sadıqovdur.
"TuranBank"ın İdarə Heyətinin sədri Nazim Sadıqov: “21 illik fəaliyyət tarixi ərzində "TuranBank" gələcəyə hədəflənmiş brend yaradıb”

Azərbaycan, Bakı, 12 iyun /Trend/

12 iyun 2013-cü il tarixində "TuranBank" ASC-nin 21 yaşı tamam olur. Həmsöhbətimiz "TuranBank"ın İdarə Heyətinin sədri Nazim Sadıqovdur.

Sizin bank yaşına görə Azərbaycan bank sektorunun veteranlarından sayılır. Belə ki, 21 il ölkənin cavan sayılan bank sektoru üçün böyük müddətdir. Sizin bankın uğurunun sirri nədədir?

Bu gün bankımızın yaranmasının 21 yaşını qeyd edərkən bu tarixi hadisəni zəruri edən tarixi xronikaya nəzər salmaq vacibdir. "TuranBank", 1992-ci il iyun ayının 12-də, Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduğu dövrlərdə yaranan ilk banklardan oldu və müasir Azərbaycan dövlətinin yaşadılmasında müstəsna rolu olan Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu siyasi-iqtisadi islahatlar nəticəsində Azərbaycan ilə birgə inkişaf etdi.

Artıq 21 illik fəaliyyəti dövründə bank öz inkişaf strategiyasını uğurla həyata keçirərək bir sıra uğurlu nailiyyətlər əldə etmişdir. Hazırda Bankımızın 14 satış nöqtəsi vardır. Onlardan 7-si regionlarda - Tovuzda, Zaqatalada, Gəncədə, Ağstafada, Sumqayıtda, Xaçmazda və Qazaxda yerləşir. Yaxın gələcəkdə Azərbaycanın cənub bölgəsində də filial açmaq nəzərdə tutulmuşdur ki, bu da ölkənin bütün regional mərkəzlərində təmsil olunma hədəfimizin icrası istiqamətində atılacaq addımların məntiqi davamıdır. Bundan başqa respublikamızın müxtəlif regionlarında 6 nümayəndəmiz fəaliyyət göstərir.

Bu gün "TuranBank" ayrı-ayrılıqda hər bir müştərinin tələbatını tam ödəməyə çalışır. Fərdi yanaşma, müştərilərə loyal münasibət, rahat və keyfiyyətli xidmət, çevik və rəqabətqabiliyyətli şərtlər - bütün bunlar hamısı TuranBankın əsas iş prinsipləridir.

Bankın inkişaf strategiyasının əsas xüsusiyyətlərini açıqlayardınız.

İlk öncə onu qeyd etmək istəyirəm ki, Bankımız 2008-2011ci illəri əhatə edən strateji dövrədək korporativ bank olaraq fəaliyyət göstərirdi. Bazar şərtlərinin dəyişməsi, 2007-ci ildə Bankın öz strateji baxışını və missiyasını dəyişərək istiqamətini əhali, eyni zamanda kiçik və orta sahibkarlıq subyektlərinə fokuslaşdırdı və Bank "universal bankçılıq" moduluna əsaslanaraq yeni 2008-2011ci illəri əhatə edən strateji dövrə qədəm qoydu.

Bank, bu strateji dövrü hər biri iki il olmaqla iki mərhələdə başa vurmuşdur. Birinci mərhələdə Bank institusional cəhətdən daha da inkişaf etmiş və Korporativ İdarəetmə sistemlərinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırmışdır. Növbəti mərhələdə görülən işlər Bankın bazar payının artmasına və bazar mövqeyinin gücləndirilməsinə xidmət etmişdir. Bu strateji dövr ərzində Bankın icrasını təmin etdiyi xüsusi layihələr insan resurslarının idarəedilməsi, risklərin idarəedilməsi, maliyyə menecmenti, informasiya texnologiyaları, marketinq və satış, təşkilati struktur və proseslərin təkmilləşdirilməsi sahələrini əhatə etmişdir.

2011-ci ildə Bankın strateji planının qısamüddətli dövrü başa çatdığından, ABTM ilə əməkdaşlıq çərçivəsində ali və orta mencementin iştirakı ilə Bankın işçi heyəti və müştərilər arasında sorğular həyata keçirmiş və əldə olunan nəticələr və beynəlxalq qurumların tövsiyələri nəzərə alınmaqla 2012-2015ci illər üçün yeni Strateji Plan hazırlamışdır.

Yeni hazırlanmış strateji plana əsasən bank öz strateji baxışına bir qədər düzəliş edərək pərakəndəyönümlü olmağı hədəfləmiş, missiyasına isə cəmiyyətin sosial həyatında daha fəal iştirak etmək kimi vacib bir vəzifəni əlavə etmişdir.

Bank, 2012-2015-ci illəri əhatə edən yeni strateji dövrdə təkmil "institusional baza"nı beynəlxalq təcrübəyə müvafiq olaraq mütəmadi inkişaf etdirməyi planlaşdırmış, mövcud satış şəbəkəsinin səmərəliliyini artırılmasını, aktivlərin keyfiyyətinin artırılması ilə bərabər kapitalının davamlı artımı, xarici investorların bankın kapitalına cəlbini, islam bankçılığı məhsullarının bazara geniş çeşiddə təqdim etməyi və s. kimi hədəfləri müəyyənləşdirmişdir.

Azərbaycan Respublikası Mərkəzi Bankının 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan Bankların məcmu kapitalının 01 yanvar 2014-cü il tarixədək 50 mln. manata çatdırılması qərara alınmışdır. TuranBank bu istqamətdə hansı addımları atır?

"TuranBank" ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının 07 sentyabr 2012-ci il tarixli 06 saylı qərarı ilə bankın nizamnamə kapitalının mərhələli şəkildə artırılması qərara alınmış və Bankın nizamnamə kapitalı yenidən kapitallaşma prossesi nəticəsində 40 mln. manata çatdırılaraq 1 iyun 2013-cü il tarixinə, ilin əvvəli ilə müqayisədə 33,3%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 68% artımla müşahidə olunmuşdur. Bankın məcmu kapitalı isə ilin əvvəli ilə müqayisədə 35,2% artaraq 43,1 mln. manat təşkil etmişdir. Göründüyü kimi, bu da öz növbəsində kapital artımı ilə bağlı banklar qarşısında qoyulan tələbin demək olar icra olunduğunu göstərir.

Qısa şəkildə Bankımızın digər kəmiyyət göstəriciləri barədə də məlumat vermək istərdim. Belə ki, 2013-cü ilin may ayının sonuna Bankın aktivləri 2012-ci ilin analoji dövrü ilə müqayisədə 22,8% artaraq 228,6 mln. manat, kredit portfeli isə ötən ilin analoji dövrü ilə müqayisədə 22,6% artaraq 175,5 mln. manat təşkil etmişdir. Sevindirici haldır ki, Bankımız kapitalın gəlirlilik əmsalı üzrə öncül banklar sırasında qərarlaşmışdır. Bankın kapital bazasının mövcud səhmdarlar və yeni cəlb ediləcək gələcək xarici investisiyalar hesabına genişləndirilməsi 2012-2015ci illəri əhatə edən Strateji Planda qarşıya qoyulan əsas hədəflərdən biri hesab edilir.

Beynəlxalq əlaqələr sahəsində işlər necədir?

Qeyd etmək istərdim ki, müxtəlif beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi Bankımızın əsas prioritet istiqamətlərindən biri olmuşdur. Bank beynəlxalq qurumlarla fəaliyyətə hələ 2000-ci illərin əvvəllərində başlamışdır. Buna misal olaraq Kənd Təssərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondla (IFAD) "TuranBank" arasında 2004-cü ildə "Dağ və Yüksək Dağlıq Ərazilərin İnkişafı" layihəsi çərçivəsində bağlanılan kredit sazişini misal göstərmək olar. Hələ 2006-cı ildə Bankla Beynəlxalq Maliyyə Korporasiyası arasında Lizinq xidmətləri və korporativ idarəetmənin təkmilləşdirilməsi layihəsi üzrə memorandum imzalanmış və törəmə qurumumuz olan "TuranLizinq" yaradılmışdır. Hal-hazırda Bank bir sıra beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq edir. Onların sırasına Beynəlxalq Maliyyə Korporasiyası (IFC, Dünya Bankı qrupu), İslam İnkişaf Korporasiyası (ICD, İslam İnkişaf Bankı qrupu), Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC, İslam İnkişaf Bankı qrupu), Aqrar Sektorun İnkişafı üzrə Beynəlxalq Fond (IFAD, Beynəlxalq İnkişaf Assosiasiyası (IDA, Dünya Bankı qrupu), WBC (ABŞ), Birləşmiş Ştatların Beynəlxalq İnkişaf agentliyi (USAID), Maliyyə Xidmətlərinin göstərilməsi üzrə Könüllülər Korpusu (FSVC), OPIC (ABŞ), Deutsche bank (Almaniya), Commerzbank (Almaniya), BCP (İsveçrə), Raiffeisen Bank (Avstriya), ZiraatBank (Türkiyə), BankAsya (Türkiyə), ŞəkərBank (Türkiyə), MicroVest (ABŞ), Bank im Bistum Essen (Almaniya), Societte Generale (Fransa) və s. daxildir.

Ümumiyyətlə bildirmək istərdim ki, ölkədə qeyri-neft sektorun maliyyələşdirilmək, o cümlədən kiçik və orta sahibkarlığa dəstək göstərmək, onların müxtəlif bank məhsul və xidmətlərinə olan tələblərini qarşılamaq bankımızın strateji hədəflərindən biridir. Bu istiqamətdə Bankımız yuxarıda qeyd edilən beynəlxalq maliyyə institutları ilə yanaşı bir sıra yerli qurumlarla -Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Naziriliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə də əməkdaşlıq edir.

Bu il "TuranBank" "Effektiv Korporativ İdarəetmə" nominasiyasının qalibi seçilmişdir.

Siz buna necə nail oldunuz?

Korporativ İdarəetmə - bankda idarəetməni, şəffaflığı və hesabatlığı asanlaşdıran və səhmdarlar, Müşahidə Şurası, İdarə Heyəti və digər maraqlı tərəflər arasında münasibətləri tənzimləyən nəzarət sistemidir.

Son illər "TuranBank"ın idarəetmə orqanları Bankın fəaliyyətində və idarə edilməsində ən yüksək standartlara və beynəlxalq təcrübələrə əsaslanır.

Bu baxımdan Bankda korporativ idarəetmənin inkişafına böyük önəm verilir və bu sistem beynəlxalq təcrübələrə uyğun olaraq inkişaf etdirilir. Xüsusilə qeyd etmək istəyirəm ki, "TuranBank" ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında 05 iyun 2009-cu ildə bağlanmış müqaviləyə əsasən Bank "Korporativ İdarəetmə Layihəsinin" 2-ci fazası üzrə layihəyə qoşulmuş və 2011-ci ilin iyun ayında layihəni uğurla tamamlamışdır. Dövr ərzində layihə çərçivəsində bir çox işlər görülmüşdür. Görülmüş işlərin tərkibinə Korporativ İdarəetmə Məcəlləsi, Məlumatların Açıqlanması Siyasəti, Fəaliyyətin Davamlılığı Siyasəti, Divident Siyasəti, Maraqların Toqquşması və Aidiyyatı Şəxslərlə Əqdlərə dair Siyasət, Sosial və Ekoloji Menecment siyasəti və bir sıra əsasnamələrin hazırlanmasını aid etmək olar.

Fəxr hissi ilə bildirmək istəyirəm ki, bu istiqamətli səylərimizin və tətbiq edilməkdə olan idarəetmə mexanzmlərimizin qiymətləndirilməsi olaraq 29 yanvar 2013-cü il tarixdə Azərbaycan Mikromaliyyə Assosiasıyasının təşkil etdiyi VI İllik Təltif mərasimində "TuranBank" "Effektiv Korporativ İdarəetmə" nominasiyasının qalibi seçilmişdir.

Son zamanlar Azərbaycanda fəaliyyət göstərən şirkətlər Korporativ Sosial məsuliyyət sahəsində həyata keçirdikləri layihələrlə seçilməyə çalışırlar. Sizin bu sahədə fəaliyyətiniz necədir?

Bank, 2012-2015-ci illər üzrə qəbul etdiyi strategiyaya uyğun olaraq, Korporativ Sosial Məsuliyyət çərçivəsində siyasət sənədi hazırlamış və bu sahədə fəallığını artırmışdır. Bankın Korporativ Sosial Məsuliyyət sənədi həm Bankın əməkdaşlarının, həm də cəmiyyətin maraqlarına uyğun, onların rifahının artırılmasına istiqamətlənmiş tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Ötən il ərzində bu sahədə Bank tərəfindən görülən işlərə ahillar evi üçün Novruz şənliyinin təşkili, ARPA-nın (Azərbaycan Risk Peşəkarları Assosiasiyası) təşkilatçılığı ilə tələbələrin inkişafı və təhsilinə istiqamətlənmiş Tələbə Proqramı layihəsinə sponsorluq, tələbələr üçün təşkil olunan əmək yaramarkalarında iştirak, regional idman mərkəzlərinə sponsorluq, bütün əməkdaşlarımızla Bankın 20 illik yubileyinin birgə qeyd edilməsi, Əflatun proqramı çərçivəsində məktəb şagirdləri üçün maliyyə təhsili və maliyyə savadlılığı mövzularında seminarların təşkili, Prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüşün təşkili, dünya şöhrətli xalq yazıçısı Ç.Abdullayevlə əməkdaşlarımızın görüşü, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbiri və s. kimi tədbirləri misal göstərmək olar.

Biz, növbəti illərdə də müxtəlif layihələr vasitəsilə Korporativ Sosial Məsuliyyət sahəsində Bankda gördüyümüz işlərin həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri üzrə artırılmasında maraqlı olacağıq.

Yuxarıda qeyd etdiyim kimi, "TuranBank" artıq 21 ildir Azərbaycan bank sektorunda müvəffəqiyyətlə irəliləyir. Daim ədalətlilik və şəffaflıq prinsiplərinə sadiq qalaraq əhaliyə keyfiyyətli bank xidmətləri təqdim etməyə səy göstərmişik.

Sonda fürsətdən istifadə edərək "TuranBank"ın 21 il ərzində əldə etdiyi uğurlu nəticələrə görə bizlərə dəstək olmuş səhmdarlarımıza, faydalı iş fəaliyyəti nümayiş etdirmiş kollektivimizə, bizi etibarlı tərəfdaş kimi seçmiş müştərilərimizə, biznes tərəfdaşlarımıza, bu illər boyu bizimlə birgə addımlayan, hər uğurumuzda, hər nailiyyətimizdə yanımızda olan Azərbaycan xalqına və dövlətinə öz dərin təşəkkürümü bildiririrəm.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti