Azərbaycan, Bakı, 9 yanvar /Trend/
2013-cü il üzrə makroiqtisadi göstəricilərin dinamikası ölkə iqtisadiyyatının şaxələnməsinə yönəlmiş iqtisadi kursun uğurla icra olunmasını nümayiş etdirir. Belə ki, operativ məlumata əsasən, ötən ildə 57 milyard manat ümumi daxili məhsul istehsal olunmaqla real artım 5,8 faiz olmuş, qeyri-neft sektoru üzrə isə 9,8 faiz artım əldə edilmiş, adambaşına düşən ümumi daxili məhsulun həcmi isə 4,4 faiz artaraq 6 min 132 manata (təxminən 8 min ABŞ dollarına) çatmışdır.
Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.
S.Şərifov bildirib ki, əhalinin rifah halının göstəricilərində də müsbət dinamika müşahidə olunur: "2012-ci illə müqayisədə işləyənlərin orta aylıq əmək haqqı 6,2 faiz artaraq 423 manat, pullu xidmətlərin həcmi isə 8,2 faiz artaraq 6,5 milyard manat olmuşdur.
Ötən müddət ərzində manatın dəyəri sabit qalmış, inflyasiya 2,4 faiz təşkil etmiş və əhalinin pul gəlirlərinin artımından xeyli aşağı olmuşdur. 2013-cü ildə əhalinin banklarda olan əmanətlərinin məbləği 6,8 milyard manata çataraq 34 faiz artım əldə edilmişdir.
Operativ məlumata əsasən, ötən il dövlət büdcəsinin mədaxili 19 milyard 494 milyon manat və ya 101,8 faiz yerinə yetirilməklə 2012-ci illə müqayisədə 2 milyard 213 milyon manat və ya 12,8 faiz çox olmuşdur. Qeyri-neft sektorundan əldə olunan daxilolmalar 2012-ci illə müqayisədə 584 milyon manat və yaxud 13 faizə yaxın artmışdır.
Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi müvafiq olaraq 104,1 faiz və 100,2 faiz əməl edərək büdcəyə 6 milyard 664 milyon manat və 1 milyard 383 milyon manat vəsait təmin etmişlər ki, bu da 2012-ci ilə nisbətən müvafiq olaraq 639 milyon manat (10,6 faiz) və 175 milyon manat (14,5 faiz) çoxdur".
Nazir qeyd edib ki, ötən ildə dövlət büdcəsi vəsaiti hesabına əsas dövlət vəzifələrinin sabit maliyyələşdirilməsi təmin edilmiş, əmək haqları, müavinətlər, pensiyalar üzrə öhdəliklər tam və vaxtında yerinə yetirilmişdir: "2013-cü ildə dövlət büdcəsinin xərcləri 19 milyard 112 milyon manat və yaxud 96,3 faiz yerinə yetirilmişdir. Bu, 2012-ci illə müqayisədə 1 milyard 697 milyon manat və ya 9,7 faiz çox deməkdir. Ötən il dövlət büdcəsi xərclərinin 32,6 faizi və ya 6 milyard 239 milyon manatı sosial təyinatlı xərclərin (elm, təhsil, səhiyyə, mədəniyyət, idman xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2012-ci illə müqayisədə 598 milyon manat və ya 10,6 faiz çoxdur.
Ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət başçısının məqsədyönlü kursunun davamı olaraq ötən il minimum əmək haqqının 13 faiz, əmək pensiyasının baza hissəsinin 17,6 faiz, bütün növ sosial müavinətlərin 10-67 faiz çərçivəsində artımı təmin edilmişdir. Dövlət sektorunda çalışanların əmək haqları isə ən azı 10 faiz həcmində artırılmışdır.
Tətbiq olunmuş artımlar təxminən 3 milyon nəfərdən çox insanın yaşayış səviyyəsinin yaxşılaşdırılmasına zəmin yaratmışdır".
S.Şərifovun sözlərinə görə, 2013-cü ildə də dövlətin sosial siyasətinin mərkəzində doğma yurd-yuvalarından didərgin düşmüş 1 milyona yaxın məcburi köçkünün mənzil-məişət şəraitinin və sosial təminatının yaxşılaşdırılması məsələləri durmuşdur ki, bu məqsədlərə dövlət büdcəsindən və Neft Fondunun büdcəsindən üst-üstə 522 milyon manat vəsait yönəldilmişdir: "Məcburi köçkünlərə ərzaq təminatı ilə bağlı 110 milyon manat sosial müavinət, bəzi kommunal xidmətləri (elektrik enerjisi, qaz, su və s.) üzrə güzəştlərin tətbiqi ilə bağlı 96 milyon manat vəsait ödənilmiş, sosial müavinətlərin aylıq məbləği isə 10 faiz artırılmışdır.
2013-cü ildə xüsusi əhəmiyyət kəsb edən və cənab Prezident, Sizin də qeyd etdiyiniz kimi, ən vacib sosial layihələrindən biri kimi vətəndaşların keçmiş SSRİ Əmanət Bankında qalan əmanətlərinin fərdi birdəfəlik ödənilməsi prosesinin başa çatması olmuşdur. Ödənişə başlanıldığı andan MDB məkanında rekord müddətdə, yəni 1 il 7 ay ərzində 1 milyon 623 minə yaxın əmanət hesabı üzrə 597 milyon manat fərdi birdəfəlik ödəmələr həyata keçirilmişdir".
Nazir bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin müasir texnika və avadanlıqlarla təchiz edilməsi və hərbçilərin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi 2013-cü ildə də prioritet hədəflərdən olmuş, ötən il bu məqsədə dövlət büdcəsinin faktiki xərclərinin 15 faizi (2 milyard 867 milyon manat) səviyyəsində vəsait yönəldilmişdir:
"Ölkənin maliyyə balansında tarazlıq gözlənilməklə 2013-cü ildə iqtisadiyyata rekord səviyyədə sərmayə qoyulmuşdur. Dövlət əsaslı vəsait qoyuluşu da ən yüksək səviyyəyə çatmış, 7 milyard manat səviyyəsində vəsait yönəldilmişdir. Həmin vəsaitdən sosial-mədəni və məişət təyinatlı obyektlərin (elm, təhsil, səhiyyə, mədəniyyət, idman və s.) tikintisi və yenidən qurulması üçün 2 milyard 37 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün 3 milyard 743 milyon manat, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 262 milyon manat, digər layihələrin maliyyələşdirilməsi üçün isə 873 milyon manat vəsait sərf edilmişdir.
Dövlət büdcəsinin investisiya xərcləri ilə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatına, sosial və digər infrastrukturların tikintisinə və yenidən qurulmasına Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına təxminən 754 milyon manat məbləğində vəsait sərf edilmişdir. Dövlət Neft Fondunun vəsaiti hesabına ölkəmizdə və xaricə qoyulmuş sərmayələr hesabına həyata keçirilən bir sıra investisiya layihələrinin icrası üçün ötən il 1 milyard 74 milyon manat vəsait yönəldilmişdir".
Onun sözlərinə görə, şəhər, rayon və qəsəbələrdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, kəndlərarası yolların tikintisi və digər zəruri tədbirlərin maliyyələşdirilməsi üçün 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 347 milyon manat vəsait ayrılmışdır: "Hesabat ilində regionların sosial-iqtisadi inkişafında sürətli dinamika təmin edilmiş, bütövlükdə regionlarda 380-dən çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 237 məktəb, 47 bağça, 30 səhiyyə, 25 idman, 45 mədəniyyət və digər sosial obyektlər tikilmiş və ya əsaslı bərpa olunmuşdur, 470-ə yaxın müəssisənin isə tikintisi davam etdirilir.
2013-cü ildə sahibkarlığın inkişafına dövlət dəstəyi daha da gücləndirilmiş, iqtisadiyyatın müxtəlif sahələri üzrə 4468 sahibkara 275 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 150 milyon manatını dövlət büdcəsindən ayrılmış vəsait təşkil edir.
Yuxarıda qeyd olunan işlərlə yanaşı, dövlət və icmal büdcələrin vəsaiti, həmçinin xaricdən cəlb olunmuş kreditlər hesabına növbəti illərdə qeyri-neft sektorunun daha da iri miqyasda inkişafına zəmin yaradacaq və tarixi əhəmiyyət kəsb edən bir sıra infrastrukturlar, o cümlədən Bakı və Sumqayıt şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılması üçün Samur-Abşeron suvarma sistemi yenidən qurulmuş, Taxtakörpü su anbarı və Taxtakörpü Su Elektrik Stansiyası, 780 meqavat gücündə Cənub Elektrik stansiyası istifadəyə verilmiş, regionların elektrik, qaz, su, kanalizasiya şəbəkələrinin inşası və yenidən qurulması üzrə işlər geniş vüsət almışdır.
Böyük İpək Yolunun bərpasına və canlandırılmasına xidmət edəcək və transregional əhəmiyyətə malik olan yeni Bakı Dəniz Limanının, Bakı-Böyükkəsik dəmir yolunun yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihələri üzrə işlərin davam etdirilməsi üçün dövlət və icmal büdcələrinin vəsaiti, həmçinin xaricdən cəlb edilmiş kreditlər hesabına maliyyələşmələr davam etdirilmişdir.
Dövlət və icmal büdcələrinin şəffaflığının, səmərəliliyinin və ünvanlılığının təmin edilməsi istiqamətində işlər 2013-cü ildə də davam etdirilmiş, dövlət büdcəsi xərclərinin yarıdan çox hissəsinin proqramlar və məqsədli tədbirlər əsasında tərtibinə və icrasına nail olunmuşdur".