Azərbaycan, Bakı, 26 may /Trend, müxbir E.Əliyev/
Azərbaycan vergi inzibatçılığı sahəsində beynəlxalq təcrübənin tətbiqində maraqlıdır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycanın vergilər nazirinin müavini Sahib Ələkbərov Bakıda keçirilən Avropadaxili Vergi İnzibatçılığı Təşkilatının (IOTA) İcraiyyə Şurasının 92-ci iclasında bildirib.
S.Ələkbərov deyib: "Biz bir sıra beynəlxalq təşkilatlarla bu sahədə çoxdan və uğurla çalışırıq. IOTA təcrübə mübadiləsi üçün uğurlu platformadır. Ötən 10 il ərzində Azərbaycanın ÜDM-i 3 dəfədən çox artıb və növbəti 10 ildə qarşıya milli iqtisadiyyatın ikiqat artırılması vəzifəsi qoyulub. Çox güman ki, belə iqtisadi artıma adekvat olan vergi inzibatçılığını təmin etmək üçün qabaqcıl xarici təcrübə lazımdır".
Onun sözlərinə görə, belə yanaşma dövlət siyasətinin əsas ideyasıdır.
Bakıda IOTA iclası çərçivəsində informasiya platformasının hazırlanması və qurumun saytının yenilənməsi, IOTA-nın texniki və maliyyə hesabatları, gələn il üçün təşkilatın büdcəsi, eləcə də digər məsələlər müzakirə olunacaq.
Azərbaycan 2002-ci ildən IOTA-nın üzvüdür. Ötən il ölkəmiz qurumun İcraiyyə Şurasına daxil olub.