...

Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2014 00:50 (UTC +04:00)
İyunun 23-də Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Azərbaycan və Rusiya arasında energetika sahəsində əməkdaşlığa dair Dəyirmi Masada hər iki ölkəni təmsil edən müvafiq dövlət qurumlarının, elmi-tədqiqat müəssisələrinin, eləcə də bu sahədə fəaliyyət göstərən şirkətlərin, o cümlədən Azərbaycan tərəfindən ARDNŞ, “Azərenerji”, “Bakıelektrikşəbəkə”, “Azneftkimyamaş” ASC, Rusiya tərəfindən “NAİR”, “SVAP ballast boru kəmərləri”, “İjmetmaş”, “Qazprombank”, “İNTRA TUL” kimi şirkətlərin nümayəndələri iştirak etmişlər.
Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilir (FOTO)

Azərbaycan, Bakı, 24 iyun /Trend/

İyunun 23-də Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Azərbaycan və Rusiya arasında energetika sahəsində əməkdaşlığa dair Dəyirmi Masada hər iki ölkəni təmsil edən müvafiq dövlət qurumlarının, elmi-tədqiqat müəssisələrinin, eləcə də bu sahədə fəaliyyət göstərən şirkətlərin, o cümlədən Azərbaycan tərəfindən ARDNŞ, "Azərenerji", "Bakıelektrikşəbəkə", "Azneftkimyamaş" ASC, Rusiya tərəfindən "NAİR", "SVAP ballast boru kəmərləri", "İjmetmaş", "Qazprombank", "İNTRA TUL" kimi şirkətlərin nümayəndələri iştirak etmişlər.

Trend-in məlumatına görə, tədbirdə hər iki ölkənin energetika sistemi və onun inkişaf perspektivləri barədə hazırlanmış təqdimatlar iştirakçıların diqqətinə çatdırılıb, energetika sahəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilib.

Dövlət və özəl sektoru təmsil edən nümayəndələrin iştirakı ilə keçirilmiş nəqliyyat sahəsində əməkdaşlığa dair Dəyirmi Masada dəmir yolu, hava, dəniz və avtomobil nəqliyyatı, yol təsərrüfatı sahəsində əlaqələr və əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Humanitar sahə üzrə Dəyirmi Masada hər iki ölkənin humanitar sahədə təcrübəsini və bu sahədə qazanılmış uğurları əks etdirən təqdimatlar keçirilib, əməkdaşlığın genişləndirilməsi perspektivləri və istiqamətləri müzakirə olunub. Dəyirmi Masada elm və təhsil müəssisələrinin, eləcə də mərkəzi icra hakimiyyətlərinin və humanitar sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

"İnvestisiya sahəsində əməkdaşlıq. Nəticələr, imkanlar, perspektivlər" Dəyirmi Masasında hər iki ölkənin dövlət qurumlarının nümayəndələrinin və iş adamlarının çıxışları dinlənilib, AZPROMO və Rusiyanın Milli İnvestisiya Agentliyi tərəfindən Azərbaycanda və Rusiyada biznes və investisiya imkanlarına dair təqdimatlar keçirilib, hər iki ölkənin şirkətləri bir sıra investisiya layihələrinə dair məlumatlar verib, Azərbaycan İnvestisiya Şirkəti, Sumqayıt Kimya Sənaye Parkı və Rusiyanın müxtəlif regionlarının təqdimatları keçirilib, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunub. Dəyirmi masada Rusiya Federasiyasının İnquşetiya Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə AZPROMO arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi AZPROMO-nun rəhbəri Rüfət Məmmədov və İnquşetiya Respublikasının iqtisadi inkişaf naziri Yusup Zurabov imzalayıblar.

Sonra V Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Rusiya nümayəndə heyəti İsmayıllı rayonunun İvanovka kəndində olub. Burada qonaqlar duz-çörəklə qarşılanıb, onlara İvanovkanın tarixi, mədəniyyəti və sakinlərin əsas məşğuliyyət sahələri barədə məlumat verilib, İvanovka Folklor Ansamblı tərəfindən Azərbaycan və rus dillərində mahnılar səsləndirilib. Qonaqlar həmçinin, Qəbələ heyvandarlıq kompleksi və Qəbələ piano zavodu ilə tanış olublar.

Xəbər lenti

Xəbər lenti