Azərbaycan, Bakı, 26 dekabr /Trend/
Ölkə rəhbərliyi tərəfindən qeyri-neft sektorunun inkişafına yönəlmiş və çox qısa zamanda xüsusilə, Azərbaycanın mahiyyətcə yeni milli iqtisadi inkişaf modelinə arxalanaraq beynəlxalq bazarlara inteqrasiyanı hədəfə alan şirkətlər üçün ciddi müsbət nəticələr verən islahatlar strategiyası "Akkord" Korporasiyasının son uğuru timsalında daha bir nailiyyətlə diqqət çəkib. Dövlət tərəfindən dəstəklənən yeni strategiyadan ilham alaraq 2014-cü ilin aprel ayında "Şahdəniz-2" layihəsi çərçivəsində çıxarılacaq təbii qazın Türkiyə üzərindən Avropaya nəqlini həyata keçirəcək beynəlxalq əhəmiyyətli TANAP və TAP enerji layihələrinin tikintisi üzrə elan edilən tenderə qatılmaq niyyətini bəyan etmiş və prekvalifikasiya mərhələsini keçən 15 şirkət arasında yeganə Azərbaycan şirkəti olaraq Türkiyənin "Yüksel İnşaat A.Ş." və Italiyanin "SICIM S.p.A" şirkətləri ilə birgə tenderə qatılan "Akkord" Korporasiyası "TANAP Doğalqaz İletim A.Ş" şirkəti tərəfindən açıqlanan nəticələrə əsasən, tenderin qalibləri sırasına qatılıb.
Bu nəticəyə uyğun olaraq dekabrın 23-də Ankara şəhərində ortaqlığa daxil olan şirkətlərlə "TANAP Doğalqaz İletim A.Ş" şirkəti və ARDNŞ-nin rəhbərliyi arasında müqavilə imzalanıb. "Akkord" tərəfindən müqaviləyə Korporasiyanın Baş direktoru Göksel Aybek, "Yüksel İnşaat"-dan Baş direktor Hakkı Suha Ünsal, "SICIM S.p.A"-dan Baş direktor Leonardo Qravina imza atıb.
Bu müqavilə TANAP layihəsi üzrə Türkiyə ərazisindən keçən 1850 kilometrlik boru xəttinin Gürcüstan sərhədindən Əskişəhərə qədər olan 1337 km-lik boru xəttinin ikinci lot üzrə 375-825 km-ləri əhatə edən 450 km-lik hissəsinin (Ərzurum-Askala-Sivas-Yıldızeli) "Sicim-Yüksel-Akkord" ortaqlığı tərəfindən tikintisini nəzərdə tutur. Xəttin tikintisi zamanı 56 düymlük, divar qalınlığı19,45 mm-dən 28.01 mm-dək olan borulardan istifadə ediləcək.
Layihə üzrə "Akkord" Koporasiyasının tikintisinə qoşulduğu 450 km-lik hissədə ümumilikdə, 1384 keçidin, o cümlədən 15-i böyük olmaqla 422 ədəd çay keçidinin, 14 ədəd əsas yol və dəmiryol keçidi, 14 blok sürgü stansiyası, 1 ədəd boru təmizləmə qurğusu və 1ədəd zəlzələ keçidinin inşası həyata keçirilməlidir. Xətt üzrə 87 hidrostatik sınaq bölməsi olacaq.
Tenderin yekunlarına əsasən birinci lot üzrə kəmərin 375 km-lik hissəsinin (Ərdahan-Posof-Türkgözü-Ərzurum -Askala) inşasını "Fernas İnşaat A.Ş", üçüncü lot üzrə 825-1334 km-ləri əhatə edən hissəsinin (Sivas-Yıldızeli-Əskişəhər-Seyidqazi) inşasını isə "TEKFEN İnşaat və Tesisat A.Ş" şirkətləri həyata keçirəcək.
Xatırladaq ki, "Şahdəniz" yatağından çıxan qazın Gürcüstan-Türkiyə-Yunanıstan-Albaniya-İtaliya marşrutu üzrə nəqlini nəzərdə tutan TANAP (Trans Anadolu Təbii Qaz Boru Xətti) Türkiyə və Azərbaycanın enerji sahəsində uğurla həyata keçirdikləri ən mühüm layihələrdən olmaqla dünya enerji sektoru üçün də müstəsna rola malikdir. Layihə üzrə 2011-ci il dekabrın 26-da Anlaşma Memorandumu, 2012-ci il iyunun 26-da Hökumətlərarası saziş imzalanıb.
Layihə çərçivəsində ilkin qaz ixracına 2018-ci ildə başlanılması planlaşdırılır. TANAP-ın layihə dəyəri 10-11 milyard dollar həcmindədir. Başlanğıcda illik 16 milyard kubmetrlik ixrac tutumuna malik olacaq boru xəttinin mərhələli olaraq 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrə qədər genişləndirilməsi üçün imkanlar nəzərdə tutulub. Transardriatik boru xətti (TAP) layihəsinin tamamlanmasından sonra, təqribən 2020-ci ildə təbii qazın Avropaya çatdırılması planlaşdırılır.