Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir Təmkin Cəfərov/
"Xəzəryanı ölkələrin Azad Zonalar üzrə Əməkdaşlıq Şurasının yaradılmasını təklif edirik". Bunu Trend-ə İranın Ənzəli azad ticarət zonasının baş direktoru Rza Məsrur deyib.
R.Məsrur bildirib ki, Şuranın yaradılması ilə 5 ölkə güzəştli ticarət razılığı sayəsində iqtisadi əlaqələrini daha da inkişaf etdirə bilər: "Hazırda beş Xəzəryanı ölkə arasında güzəştli ticarət razılığı yoxdur. Beş ölkənin azad zonaları bir-biri ilə koordinasiyalı şəkildə əməkdaşlıq nəticəsində həmin razılığı əldə edərək güzəştli ticarət həyata keçirə bilər. Bu bir təklifdir və ümid edirik ki, beş ölkənin aidiyyəti qurumları bunu müzakirə edəcəklər".
Onun sözlərinə görə, azad iqtisadi zonalar arasında güzəştli ticarət razılığının əldə olunması Xəzəryanı ölkələr üçün pilot layihə ola bilər və daha sonra bu razılıq ümumilikdə ölkələr arasında tətbiq edilə bilər: "Bu, Xəzəryanı ölkələr arasında ixrac və idxalın, ticarət mübadilələrinin inkişafına təkan verə bilər".
R.Məsrur Xəzər dənizinin limanları arasında əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb və deyib ki, Çin-Qazaxıstan (Aktau)-İran (Ənzəli) limanlar dəhlizindən yüklərin daşınması daha az xərclə başa gəlir: "İrana məhsullar əsasən Şəhid Rəcayi limanı vasitəsilə idxal olunur, lakin araşdırmalar göstərir ki, əgər Çin-Qazaxıstan (Aktau)-İran (Ənzəli) dəhlizi istifadə olunarsa, yükdaşıma xərcləri daha az olar".
Ənzəli azad ticarət zonasının baş direktoru bildirib ki, fevral ayının ikinci yarısında Azərbaycana səfər edəcək: "Səfərdə məqsədimiz iki ölkə arasında iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsidir. Səfərdə məni Gilan əyalətinin tacirləri müşayiət edəcəklər. Turizm və ticarətin inkişafına dair azərbaycanlı həmkarlarımızla görüşlər keçirəcək, müzakirələr aparacağıq."