...

Artur Rasi-zadə Azərbaycanın iqtisadi durumunu dəyərləndirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2015 12:54 (UTC +04:00)
Son illərdə ölkənin apardığı ardıcıl uğurlu iqtisadi siyasət hesabat ilində də davam edib. Hesabat ilində qarşıya qoyulan bütün vəzifələr yerinə yetirilib.
Artur Rasi-zadə Azərbaycanın iqtisadi durumunu dəyərləndirdi

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir Elçin Mehdiyev/

"Son illərdə ölkənin apardığı ardıcıl uğurlu iqtisadi siyasət hesabat ilində də davam edib. Hesabat ilində qarşıya qoyulan bütün vəzifələr yerinə yetirilib, ÜDM artımına nail olunub, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, əhalinin rifah halının yaxşılaşdırılması təmin edilib". Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Baş naziri Artur Rasi-zadə Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.

Baş nazir qeyd edib ki, 2014-cü ildə dayanıqlı ictimai-siyasi sabitlik və əvvəlki illərdə qurulan iqtisadi stabillik qorunub: "Dünyada iqtisadi inkişafın zəifləməsinə və maliyyə bazarlarında qeyri-müəyyən vəziyyətə baxmayaraq, 2014-cü ildə Azərbaycanda ÜDM 2,8% artaraq 59 mlrd. manat təşkil edib. Əhalinin hər nəfərinə düşən əlavə dəyər 6300 manata çatıb. Hesabat ilində əsas kapitala 17,6 mlrd. manat vəsait yatırılıb. Yatırılan investisiyanın 66%-i qeyri-neft sektorunun payına düşüb".

A.Rasi-zadə qeyd edib ki, ötən il inflyasiya 1,4% səviyyəsində saxlanılıb. Dövlət büdcəsinin gəlirləri artıb və büdcədə nəzərdə tutulan xərclərin yerinə yetirilməsində problem olmayıb: "Hesabat ilində manatın sabitliyi qorunub. Ölkənin valyuta ehtiyatları 51,3 mlrd. dolları keçib. Ölkənin ümumi sosial-iqtisadi inkişafı aztəminatlı təbəqənin maddi vəziyyətinin yaxşılaşdırılmasına şərait yaradıb. Məhz bunun nəticəsidir ki, ötən il ünvanlı sosial yardım alanların sayında 33,7% azalma qeydə alınıb. Bir ailəyə düşən ünvanlı sosial yardımın məbləği isə 149 manata qədər artırılıb".

Baş nazir əlavə edib ki, hesabat ilində ölkədə yeni müəssisələrin sayı 16% artaraq 9000-i ötüb: "Ölkədə sahibkarlıq subyektlərinin sayı 386 mindən çox olub. Bölgələrdən daxilolmaların həcmində 9% artım qeydə alınıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti