...

"Rabitəbank" ASC 2006-cı ilin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2007 19:12 (UTC +04:00)

Rabitəbank ASC 2006-cı uğurla başa vuraraq, bütün maliyyə göstəriciləri üzrə əhəmiyyətli artıma nail olub. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.

2006-ci ilin maliyyə yekunlarına əsasən, Bankın aktivləri 2005-ci ilin analoji göstəricisi ilə müqayisədə 37% və ya 11 926 min manat artaraq, 44 337 min manat təşkil edib.

Müştərilərə ayrılmış kreditlərin həcmi 2006-cı il 31 dekabr tarixinə 29 938 min manat təşkil edib ki, bu da 2005-ci il dekabrın 31-nə olan göstərici ilə müqayisədə kredit portfelinin 23% və ya 5 584 min manat artması deməkdir.

Bankın öhdəlikləri hesabat dövrü üçün 33 018 min manat təşkil edib. Depozit portfelinin həcmi 2005-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 77% və ya 14 008 min manat artaraq 32 195 min manata çatıb. Depozitlərin strukturunda cari depozitlərin həcmi 10 389 min manat, müddətli depozitlərin həcmi isə 21 806 min manat olub. Bir il öncəki göstəricilərlə müqayisədə, bu göstəricilər üzrə artım müvafiq olaraq 10,37% və 149% təşkil edib.

Bankın məcmu kapitalı 2006-cı il ərzində 26% və ya 1 707 min manat artaraq 8 309 min manata çatıb.

2006-ci il ərzində Bankın gəlirləri 5 381 min manat, xərcləri 4 323 min manat təşkil edib. Bankın xalis mənfəəti 2005-ci ilin analoji göstəricisi ilə müqayisədə 21,5% və ya 132 min manat artaraq hesabat dövrü üçün 744 min manat təşkil edib.

Ilin sonunda Rabitəbank ASC-nin 12 filialı fəaliyyət göstərib ki, onların 4-ü Bakı şəhərində, digər 8-i isə regionlarda çeşidli bank məhsulları üzrə əhaliyə xidmət təklif edib.

Rabitəbank ASC 2006-cı ili uğurlu maliyyə göstəriciləri ilə başa vurmaqla yanaşı, bir sıra strateji əhəmiyyətli layihələr həyata keçirib, beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını genişləndirib. Noyabr ayında Rabitəbank ASC ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında 3 mln. ABŞ dolları məbləğində kredit xəttinin açılmasına dair müqavilə və 1 mln. ABŞ dolları məbləğində ticarətin maliyyələşdirilməsinə dair razılaşma imzalanıb. Kredit vəsaitlərinin kicik və orta biznesin maliyyələşdirilməsi, habelə mikrokreditləşmə məqsədləri üçün istifadə olunması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti