...

Azərbaycan-Gürcüstan dəmir yolu dəhlizi genişləndirilə bilər

Energetika Materials 25 Aprel 2008 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / Trend / 2007-ci ildə Azərbaycan terminalından keçərək Gürcüstanın Qara dənizdəki limanlarına qədər 3,46 mln. ton neft və neft məhsulları nəql olunub. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin nəqliyyat ekspedisiya şöbəsinin rəhbəri Fuad Xocayev II Xəzər neft-qaz ticarət-nəqliyyat konfransında çıxış edərkən bildirib. Neftin əsas həcmindən 2,73 mln. tonu Dübəndi neft terminalı, 730 min ton neft isə Bakı neftdaşıma terminalı vasitəsilə realizə edilib.

Keçirilmiş yüklərin ümumi həcmindən 2 mln. tondan çoxu neftin, qalan 1,4 mln. ton isə neft məhsullarının payına düşür. Maye yüklərin ümumi həcmindən təxminən 2 mln. tonu Türkmənistanın, yerdə qalanı isə Qazaxıstanın payına düşür.

Yüklərin daşınma infrastrukturu - Azərbaycan ərazisində neftdaşıyan donanmalar, limanlar və terminallar (Dübəndi, Bakı, Səngəçal), Bakı-Tbilisi- Ceyhan, Bakı, Bakı-Supsa, Bakı -Novorossiysk magistral neft kəmərləri, Bakı- Gürcüstanın Qara dəniz limanları (Poti, Batumi, Kulevi) dəmir yolu dəhlizindən ibarətdir.

Xəzər dənizinin ən iri yükdaşıyıcısı 5 min tondan 13 min tonadək dedeveytə malik 40 tankeri olan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyidir (potensial gücü ildə15 mln. ton). Dübəndi terminalının yük boşaltma gücü ildə 10 mln. ton, Səngəçal terminalının ildə 8 mln. ton, Bakı terminalının isə yükboşaltma gücü ildə 5 mln. ton təşkil edib.

Səngəçal limanının gücü ildə 8 mln.ton, ehtiyat parkının həcmi 320 min ton, Bakı-Supsa və BTC boru kəmərləri ilə birləşmə üzrə ildə 9 mln. ton təşkil edir. Dəmir yolu vasitəsilə yükdaşımanın gücü ildə 8,5 mln. tondur. Terminalın sərbəst gücü bu həcmlərlə tranzit neftin ötürülməsi və nəql edilməsinə imkan verir: Bakı-Supsa magistral neft kəmərilə ildə 7,5 mln. və Gürcüstanın Qara dəniz limanlarına dəmir yolu vasitəsilə ildə 0,5 mln. ton.

Dübəndi limanının gücü ildə 10 mln. ton, ehtiyat parkının həcmi 340 min ton, Bakı-Novorossiysk boru kəmərilə birləşmə üzrə ildə 5 mln. ton təşkil edir. Dəmir yolu vasitəsilə yük daşımanın həcmi ildə 10 mln. tondur. Terminalın sərbəst gücü bu həcmlərlə tanzit neftinin ötürülməsi və nəql edilməsinə imkan verir: Bakı-Novorossiysk magistral neft kəməri vasitəsilə ildə 5 mln. ton və Gürcüstanın Qara dəniz limanlarına dəmir yolu vasitəsilə ildə 2,3 mln. ton.

Bakı limanının gücü ildə 5 mln. ton, ehtiyat parkının həcmi 100 min ton, neft kəməri ilə birləşməsi yoxdur. Dəmir yolu vasitəsilə yük daşımanın həcmi ildə 5 mln. tondur. Terminalın sərbəst gücü Gürcüstan limanlarına dəmir yolu vasitəsilə ildə 4,3 mln ton tanzit neftinin ötürülməsini və nəql edilməsinə imkan verir.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin nəqletmə gücü sutkada 1 mln. barel neft ( hazırda sutkada 800 min barel neft yüklənib), Bakı-Supsa üzrə sutkada 150 min barel (hazırda təmirdədir), Bakı - Novorossiysk üzrə sutkada 100 min barel ( hazırda sutkada 40 min barel). Azərbaycandan ixrac neft kəmərləri vasitəsilə nəqletmənin ümumi gücü sutkada 410 min barel neft təşkil edir.

Azərbaycan-Gürcüstan dəmir yolu dəhlizinin orta illik daşıma qabiliyyəti 14,4 mln. ton neft -maye yükləri təşkil edir. 2007-ci ildə bu marşrut üzrə 10 mln. ton tranzit və ixrac neft yükləri nəql olunub. Nəql olunmuş yüklərin ümumi həcmindən 6 mln. ton neftin, 3,5 mln. ton isə neft məhsullarının payına düşür. Neft-maye yüklərinin 7 mln. tona yaxını Azərbaycandan, 1,5 mln tondan çoxu Qazaxıstan və Türkmənistanın payına düşür.

Perspektiv olaraq Azərbaycan-Gürcüstan dəmir yolu dəhlizinin daşıma qabiliyyətini 2008-ci il üçün ildə 18 mln. tonadək, 2009-cu il üçün ildə 22 mln. tonadək, 2010-cu il üçün isə ildə 25 mln. tonadək genişləndirmək planlaşdırılıb. Həmçinin, 25 mln. ton gücü olan Qaradağ neft terminalının tikintisi də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti