...

SOCAR şirkəti yeni qaz kəməri istismara verib

Energetika Materials 17 Aprel 2009 11:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel / Trend /

SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) qaz proqramı çərçivəsində "Şimal" elektrik stansiyası və Bakı ətrafının qazla təmin edilməsi üçün nəzərdə tutulan Bahar-Hövsan-Suraxanı yeni qaz kəmərini istismara verib. Bu barədə SOCAR-ın məlumatında bildirilir. Qaz kəmərinin tikintisi 50 mln. manata başa gəlib.

20 düyümlük Bahar-Hövsan-Suraxanı boru kəmərinin uzunluğu təqribən 44,7 km-dır (kəmərin sualtı hissəsinin uzunluğu 34,8 km., quru hissəsinin uzunluğu isə 9,8 km.). Boru kəmərinin sutkalıq nəql gücü isə beş mln. kubmetr qaz təşkil edir. Qaz kəməri dənizin 12-16 metr dərinliyindən keçir. Boru kəmərinin sualtı hissəsinin sifarişçisi "28 may" Neft-Qaz Çıxarma İdarəsi, quru hissəsini sifariş edən isə Qaz Əməliyyatları İdarəsidir.

Boru kəməri ilə SOCAR şirkətinin müstəqil istismar etdiyi "Günəşli" dəniz yatağından çıxarılan qaz nəql olunacaq.

Qaz kəməri layihəsi "Neftqazlayihə" İnstitutu tərəfindən hazırlanıb. Boru kəmərinin tikintisinin baş podratçısı SOCAR şirkətinin "Neftqaztikinti" Trestidir. Bu boru kəməri üçün boruların betonlanması işini Caspian Pipe Coatings zavodu reallaşdırıb. Bu zavodun da həmtəsisçisi SOCAR-dır.

Qaz proqramı SOCAR-ın şəxsi vəsaitləri hesabına istismar etdiyi yataqlardan qaz hasilatının artırılmasını nəzərdə tutur. Şirkət bu il təqribən 8 mlrd. kubmetr qaz hasil etməyi planlaşdırır. Bu həcmin yeddi mlrd. kubmetrinin dövlətə verilməsi, qalan hissəsinin isə şirkətin şəxsi ehtiyacları (xüsusilə də, təzyiqin saxlanılması üçün laylara vurulması) üçün istifadə olunması nəzərdə tutulub.

Azərbaycanda 57 neft-qaz yatağı var, onların 18-i dənizdə, qalanları isə quruda yerləşir. SOCAR-ın işçi heyəti 62 min nəfər təşkil edir.

Xəbər lenti

Xəbər lenti