Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan yenidən Qərbin dəstəklədiyi və Avropa bazarlarına qaz təchizatını nəzərdə tutan "Nabukko" qaz kəməri layihəsinin həyata keçirilməsi ilə bağlı mövqe bildirib. Bu barədə Türkiyənin "The Journal of Turkish Weekly" jurnalı məlumat verib.
"Tranzit ölkə olaraq "Nabukko" layihəsini dəstəkləməyimizə şübhə olmamalıdır", - Türkiyənin Baş naziri Varşavada polşalı həmkarı Donald Tuskla birgə keçirdiyi mətbuat konfransında deyib.
Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəmərinin tikintisi 2011-ci ildə nəzərdə tutulub. Boru kəməri ilə ilk tədarüklər 2014-cü ildə başlanacaq. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.