Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir N.Kirsxaliya/
BP şirkətinin ekspertləri Gürcüstanın Axalsixi rayonunda "Bakı-Tbilisi-Ceyhan" (BTC) boru kəmərinə baxış keçirməyə başlayıblar. Snisi kəndində boru kəməri yaxınlığından keçən körpünün dağılmasından sonra bu prosedur vacib olub.
Ekspertlər boru kəmərinin mümkün zədələnməsini öyrənmək məqsədi ilə göndəriliblər. Körpü bu gün səhər üzərindən qoyun sürüsü keçərkən dağılıb.
Bu körpü həm əks tərəfdə otlaqları və əkin sahələri olan yerli sakinlər, həm də bu rayonda yerləşən Orfolo poliqonuna gedən hərbçilər tərəfindən fəal şəkildə istifadə olunub.
Körpü 1988-ci ildə tikilib və indiyə qədər təmir edilməyib. Yerli sakinlərin sözlərinə görə, bu dövr ərzində körpünün dirəkləri korlanıb, körpünün dağılmasının səbəbi də elə bu olub.
BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometr təşkil edir, onun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan və 1076 km-i Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşasına 2003-cü ilin aprel ayında başlanılıb, onun neft ilə doldurulmasına 2005-ci il may ayının 18-də başlanılıb.
BTC-nin inşası dörd milyard dollara başa gəlib. Bu xərclər inşa işlərinin payına düşür, boru kəmərinin doldurulması, maliyyə xərcləri və bank faizlərinin ödənilməsi bura daxil deyil. Ümumi maliyyə kreditinin həcmi 2,6 milyard dollar təşkil edir.
Bu borukəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında və Qazaxıstanın "Tengiz" yatağında hasil olunan neft nəql olunur. Hazırda sutkada təxminən 900 min barel neft ötürülür. Boru kəmərinin maksimal buraxılış gücü sutkada 1,2 milyon barel təşkil edir.
BTC-nın səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,90 faiz); StatoilHydro (8,71 faiz); ТРАО (6,53 faiz); Eni (5 faiz); Total (5 faiz); Itochu (3,40 faiz); Inpex (2,50 faiz); ConocoPhillips (2,50 faiz) və Hess (2,36 faiz).
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]