...

SOCAR Georgia Petroleum Gürcüstanın neft məhsulları bazarında ən çox vergi ödəyən şirkət elan olunub

Energetika Materials 27 Yanvar 2010 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar / Trend /

2009-cu ilin yekunlarına əsasən, Gürcüstan Neft Məhsulları İstehsalçıları, İdxalçıları və İstehlakçıları Birliyi SOCAR Georgia Petroleum-u (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə müəssisəsi) neft məhsulları biznesi sektorunda Gürcüstanın dövlət büdcəsinə ən çox vergi ödəyən şirkət elan ediblər. Bu barədə ARDNŞ-nin çərşənbə günü yayılan məlumatında deyilir.

Şirkət 2009-cu ildə Gürcüstan büdcəsinə 162 milyon laridən çox (95 milyon ABŞ dolları həcmində) vergi ödəyib.

SOCAR Georgia Petroleum Gürcüstanı ölkədə istehlak edilən neft məhsullarının böyük bir hissəsi ilə təmin edir.

2010-cu ildə SOCAR Georgia Petroleum Gürcüstan bazarında 415 min ton neft məhsullarının satışını reallaşdırmağı planlaşdırır. 2009-cu ildə bu göstərici 406 min ton təşkil edib.

2009-cu ildə Gürcüstan bazarında satılmış neft məhsullarının ümumi həcminin 190,5 min tonu benzin, 174 min tonu dizel, 30 min tonu aviakerosin, 7,17 min ton neft bitumu və 4,5 min tonu mazutun payına düşüb.

Azərbaycanda neft məhsulları ümumi gücü ildə 20 milyon ton olan iki neft emalı zavodu (NEZ) bazasında istehsal olunur. Hər iki NEZ şəxsi vəsaitləri hesabına quruda və dənizdə yeddi milyon ton neft hasil edən ARDNŞ-nin tərkibinə daxildir.

Ötən il Bakı NEZ-də 6,03 milyon ton neft emal olunub. 2008-ci ildə bu göstərici 7,35 milyon ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti