Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir E.İsmayılov/
2006-cı il iyunun 2-dən Botas International Limited (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından 1086 tanker "Bakı-Tbilisi-Ceyhan" (BTC) neft kəməri ilə nəql olunan neftlə yüklənib. Bu barədə BIL şirkətinin rəsmi internet saytında yerləşdirilən məlumatda deyilir. BIL xarici şirkətlərlə əməkdaşlıq əlaqələrinin yaradılması üçün Türkiyənin Dövlət Boru Şirkəti Botaş tərəfindən təsis edilib. 2001-ci ildə şirkət BTC neft kəmərinin istismara verilməsi məqsədi ilə yenidən təşkil edilib.
Həmin dövr ərzində tankerlərə yüklənmiş neftin həcmi 856 milyon barel təşkil edib.
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məlumatına görə, yanvar-fevralda BTC boru kəməri vasitəsilə 5,7 milyon tondan çox Azərbaycan nefti nəql edilib. Bu il martın 1-nə olan məlumata görə, "Bakı-Tbilisi-Ceyhan" neft kəməri işə başlayandan bəri həmin boru kəməri vasitəsilə 112,26 milyon ton neft nəql edilib.
Ümumi uzunluğu 1768 kilometr olan BTC neft boru kəmərinin 443 km Azərbaycan, 249 km Gürcüstan, 1076 km isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşasına 2003-cü ilin aprel, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanılıb.
BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1%); AzBTC (25%); Chevron (8,90%); Statoil (8,71%); ТРАО (6,53%); Eni (5%); Total (5%); Itochu (3,40%); Inpex (2,50%); ConocoPhillips (2,50%) və Amerada Hess (2,36%).