...

Azərbaycan və Ukrayna maye qaz nəqli üzrə birgə müəssisə yaradacaqlar

Energetika Materials 19 Sentyabr 2011 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan və Ukrayna maye qaz nəqli üzrə birgə müəssisə yaradacaqlar. Bu müəssisə Azərbaycanın maye qazının Ukraynaya nəqli layihəsinin tədqiqi ilə məşğul olacaq. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev deyib.

Əliyev qeyd edib ki, Ukrayna tərəfi 2-5 milyard kubmetr qaz nəqlinin nəzərdən keçirilməsini təklif edir. Həmin həcmlər layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması zamanı əsas götürüləcək.

Bu gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Boyko Bakıda enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Əliyev bildirib ki, "Ümid" və "Abşeron" yataqlarının kəşfi ilə əlaqədar karbohidrogen resursları ilə yaranan vəziyyət və ölkənin Avropaya və Türkiyəyə qaz tədarükü üzrə öhdəliklərinin təmin olunması üçün Azərbaycanın ehtiyatlarının kafiliyi də öyrənilmə tələb edir.

Nazirin sözlərinə görə, bu gün Bakıda keçirilən işçi qrupunun iclasının yekunları ilə bağlı Ukrayna tərəfi bəyan edib ki, gələn ildən başlayaraq Bosfor boğazı vasitəsilə Qətərdən tədarük olunan qazı durulasdıracaq dekompressiya terminalının tikintisinə başlamaq fikrindədir.

Lakin Ukrayna Gürcüstan sahillərindən Azərbaycanın maye qazının tədarükü məsələsinə də kifayət qədər ciddi yanaşır.

Ukraynaya Azərbaycanın maye qazının tədarükünün həyata keçirilməsi Azərbaycan qazınının Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya nəqlini nəzərdə tutan "Azerbaijan-Georgia-Romanian Interconnector" (AGRI) layihəsi ilə mümkündür.

AGRI layihəsinin gücü üç variantda nəzərdə tutulur - ildə iki milyard kubmetr qaz, beş milyard kubmetr və səkkiz milyard kubmetr. İlkin məlumatlara görə, layihənin gücündən asılı olaraq onun dəyəri 1,2 milyardla 4,5 milyard avro arasında dövr edir.
Sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan AGRI layihəsi üzrə Bakı Bəyannaməsini imzalayıblar.

Layihə Azərbaycan qazının qaz kəməri ilə Qara dəniz sahilləri ilə Gürcüstana nəqlini nəzərdə tutur. Burada o, xüsusi terminalda sıxılacaq və bundan sonra tankerlərlə Qara dənizlə Rumıniyaya yola salınacaq.

Hazırda Ukraynada prioritet milli layihələr sırasında olan maye qazın qəbulu üzrə terminalın yaradılması üzərində iş gedir.

Xəbər lenti

Xəbər lenti