Azərbaycan, Bakı, 24 sentyabr /Trend/
"Azərikimya" İB-nin Etilen-polietilen zavodunda yeni texnoloji kalonun quraşdırılması başa çatdırılmış, energetika sisteminin etibarlılığı və səmərəliliyi artırılıb.
Birliyin Etilen-polietilen zavodunda yekunlaşmaqda olan əsaslı təmirdə nəzərdə tutulan ən mühüm işlərdən biri - müəssisənin ən böyük istehsalatlarından olan "EP-300" kompleksinin piroqazın ilkin fraksiyalara ayrılması və suyun kimyəvi hazırlanması sexində yeni qələvi-absorbsiya kalonunun quraşdırılması başa çatdırılmışdır. Təmir işləri sona yetdikdən sonra həmin qurğunun texnoloji prosesə qoşulması ilə həm istehsalatın ahəngdar işi təmin ediləcək, həm də son nəticə olaraq məqsədli məhsul olan etilenin çıxımı qismən artacaqdır.
Birlik mütəxəssislərinin təklifi ilə texnoloji sxemə əlavə kimi daxil edilən bu kalonun əsas funksiyası sistemə Bakı Neft Emalı zavodundan bu ilin aprelindən etibarən verilən quru qazın - C1-C2 fraksiyasının tərkibində olan kükürdlü birləşmələrin işlənmiş qələvi ilə yüksək təmizliyinə nail olaraq prosesə verilməsidir. Əvvəllər təmizləmə prosesi aparılan kalon həm keyfiyyət, həm də məhsuldarlıq baxımından yüksək nəticə əldə etməyə imkan vermirdi.
Texnoloji sistemə əlavə olaraq daxil edilən yeni kalonun xüsusi olaraq hazırlanmasına ehtiyac olmamışdır. Belə ki, Birlik mütəxəssislərinin təklifi ilə fiziki və mənəvi cəhətdən yararlı olan, 24 metr hündürlüyə malik bu iritonnajlı kalon istismarı dayandırılmış digər istehsalat sahəsindən demontaj edilərək, üzərində müvafiq texniki dəyişikliklər aparıldıqdan, sistemə uyğunlaşdırıldıqdan sonra texnoloji sxemə daxil edilmişdir.
Xüsusilə əhəmiyyətlidir ki, yeni kalonun quraşdırılması bilavasitə zavod mütəxəssislərinin və Birliyin Təmir-tikinti, Nəqliyyat və xüsusi texnika idarələrinin qüvvəsi ilə yerinə yetirilmişdir. Hazırda quraşdırma işləri başa çatdırılmış yeni kalonda nəzarət-ölçü və avtomatika sistemi üzrə tamamlama və sınaq-sazlama işləri aparılır.
Zavodda aparılan əsaslı təmir işlərinin ən vacib tərkib hissəsi kimi müəssisənin elektrik avadanlığının səmərəliyinin və etibarlılığının artırlımasına da xüsusi diqqət yetirilmiş və bu sahədə də mühüm tədbirlər həyata keçirilmişdir. İlk növbədə "EP-300" kompleksinin piroliz sexindəki texniki parametrləri və vəziyyəti qeyri-qənaətbəxş olan, müasir tələblərə cavab verməyən transformatorlar demontaj olunaraq, onların əvəzində daha mükəmməl konstruksiyalı, istismar və enerji sərfi, qənaət baxımından daha səmərəli olan 1000 kilovolt-amperlik transformatorlar quraşdırılmışdır. Burada daha bir yarımstansiya yenidən qurulmuş, bir çox digər elektrik avadanlıqları təzələnmişdir. İstismar müddətində texniki və əmək təhlükəsizliyini maksimum təmin etmək məqsədilə 110 kv-luq yarımstansiyalarda keçid və giriş izolyatorları əsaslı təmir olunmuşdur.
Müəssisənin son məhsulunun - polietilenin alındığı "Polimir-120" istehsalatında da energetiklər tərəfindən mühüm təmir işləri aparılmışdır. Bu istehsalatı elektrik enerjisi ilə təmin edən 110 kv-luq yarımstansiyada gücü 63 meqavatt olan, lakin əvvəllər müəyyən texniki səbəblərdən vaxtaşırı elektrik açılmalarının baş verdiyi transformator da elektrik təmirçiləri tərəfindən yüksək səviyyədə təmir olunmuş, qəzalara yol verilməməsi üçün yeni sistemli rele mühafizəsi tətbiq edilmişdir. Əsas məhsulun dənəvər şəklə salındığı ekstrüderlərin və gücü 1200 kvt olan kompressorun elektrik mühərriklərinin idarə dövrələri isə yeni, müasir tipli şkaf-pultlarla təmin edilmişdir.
Müəssisənin hər iki istehsalatını dövri sistem üzrə texniki su ilə təmin edən susərinləşdirici qurğuya aid yarımstansiyada da geniş təmir-bərpa işləri aparılmış, bir çox elektrik avadanlığı yeniləri ilə əvəz olunmuşdur.
Bugünlərdə energetika üzrə əsaslı təmir işlərinin başa çatdırıldığı bütün sex və sahələrdə elektrik avadanlıqları son sınaqdan keçirilmiş, rele mühafizəsi və torpaqlanma sistemləri yoxlanılmış, müəssisənin bütün elektrik-istismar sahələri təmirdən sonrakı buraxılışa hazır vəziyyətə gətirilmişdir ki, bu da müəssisənin hər iki istehsalat sahəsində əvvəllər yaranan boşdayanmaların aradan qaldırılmasına, texnoloji avadanlığı stabil elektrik enerjisi ilə təmin etməklə, işin ahəngdarlığına nail olmağa, məhsul itkisinin qarşısını almağa imkan verəcəkdir.