Azərbaycan, Bakı, 5 oktyabr /Trend/
Bu gün ARDNŞ-nin Baş ofisində "BP" şirkəti ilə ARDNŞ-nin Geologiya və Geofizika İdarəsi arasında "Texniki Xidmətlər haqqında Çərçivə Müqaviləsi" sənədinin imzalanma mərasimi keçirilib.
ARDNŞ-dən Trend-ə verilən məlumata görə, sənədi ARDNŞ tərəfdən Geofizika və Geologiya İdarəsinin rəisi Vaqif Abdullayev, "BP" şirkəti tərəfindən isə Çərçivə Müqaviləsinin icraçı meneceri Pol Evans imzalayıblar.
"BP" şirkətinin kəşfiyyat və qiymətləndirmə məsələləri üzrə vitse-prezidenti Qreq Rayli qeyd edib ki, müqavilə ARDNŞ-nin Xəzər dənizi akvatoriyasında axtarış-kəşfiyyat işlərinin aparılması və qiymətləndirmə sahəsində zəngin təcrübə və biliyə malik olduğunu bir daha təsdiq edir.
Müqaviləyə əsasən, "BP" şirkəti operatoru olduğu "Şəfəq-Asiman Hasilatın Pay Bölgüsü Sazişi" sahəsini əhatə edən 2-ölçülü seysmik xətlərin yenidən texniki emalı və 3-ölçülü məlumatların emalına əsas yaratmaq məqsədi ilə "Şəfəq-Asiman"ın 3-ölçülü tədqiqatında əsas layların seysmik interpretasiyası işlərində ARDNŞ-nin xidmətlərindən istifadə etməyi planlaşdırır.