...

Azərbaycan alternativ enerji sahəsində böyük sıçrayış əldə edib

Energetika Materials 25 Oktyabr 2013 13:12 (UTC +04:00)
Azərbaycan bu günlərdə alternativ və bərpa olunan enerji mənbələri sahəsində böyük sıçrayışa nail olub.
Azərbaycan alternativ enerji sahəsində böyük sıçrayış əldə edib

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Emil İsmayılov, Trend-in eksperti

Azərbaycan bu günlərdə alternativ və bərpa olunan enerji mənbələri sahəsində böyük sıçrayışa nail olub.

Azərbaycanın Qobustan rayonunda yerləşən ilk hibrid elektrik stansiyası ilk dəfə 1 milyon kilovat-saat elektrik enerjisi istehsal edərək ölkənin enerji paylayıcı sisteminə ötürüb.

Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində bildirib ki, Azərbaycanın iqtisadi sahəsində şaxələndirmə siyasəti aparılır və aparılacaq.

Bu prosesdə alternativ və bərpa olunan enerji mənbələri vacib rol oynayır. Bu enerji mənbələri ənənəvi enerji mənbələrindən asılılığı azaltmağa, karbohidrogen ehtiyatlarını gələcək nəsillərə saxlamağa, ölkənin enerji sisteminin davamlılığını təmin etməyə, enerji təhlükəsizliyini möhkəmləndirməyə imkan verəcək, həmçinin müasir və innovasiya texnologiyalarının inkişafına müsbət təsir edəcək, ətraf mühitin mühafizəsinin səviyyəsini artırmaq üçün şərait yaradacaq.

Alternativ mənbələr hesabına ilk 1 milyon kilovat-saat elektrik enerjisinin istehsalı mövcud iri neft-qaz yataqlarına baxmayaraq, Azərbaycanda bu sahənin inkişafına göstərilən dövlət dəstəyinin nəticəsidir.

Azərbaycan Prezidenti İlham Əliyev 1 fevral 2013-cü il tarixində alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında Fərman imzalayıb. Fərmana əsasən, ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sistemini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb, "Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi haqqında Əsasnamə" və "Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin strukturu" təsdiq edilib. Fərmana əsasən, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti yenidən təşkil olunaraq "Azalternativenerji" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılıb və Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyinə verilib.

"Azalternativenerji" MMC elektrik enerjisinin verilişi üçün 2014-cü ilin sonu - 2015-ci ilin əvvəlində mərkəzləşdirilmiş paylayıcı smart-şəbəkənin yaradılmasını başa çatdıracaq. Bu, Qobustan rayonunda elektrik enerjisinin paylanılması prosesini birbaşa təşkil etməyə imkan verəcək.

Hazırda Qobustan Hibrid Stansiyasında istehsal edilən elektrik enerjisi Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanılması ilə məşğul olan "Azərenerji" ASC-yə təhvil verilir və onun mövcud paylayıcı şəbəkəsinə ötürülərək istehlakçılara çatdırılır.

Dövlət Agentliyinin sədri Akim Bədəlovun bildirdiyinə görə, qazanılan uğurlar həm də "Azərenerji" rəhbərliyi ilə səmərəli qarşılıqlı işbirliyinin bəhrəsidir, ölkədə alternativ mənbələr hesabına alınan enerji də cəmiyyətin mövcud şəbəkələri vasitəsi ilə paylanır.

2020-ci ilə ölkənin əksər rayonlarında hibrid stansiyalarının yaradılması planlaşdırılır. Bu stansiyaların gücü ilkin mərhələdə 15-20 meqavat təşkil edəcək, sonra isə bu rəqəm 45-50 meqavata çatdırıla bilər. Respublikanın bölgələrində hibrid stansiyaların yaradılması ilə yanaşı, çoxmərtəbəli binaların dam örtüklərindən istifadə etməklə mini-stansiyaların yaradılmasına da diqqət ayrılacaq.

Azərbaycan, həmçinin böyük geotermal ehtiyatlara, eləcə də günəş və külək enerjisindən istifadə üçün böyük potensiala malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti