...

Aİ Azərbaycandan Avropaya qaz tədarükü üzrə yekun investisiya qərarını alqışlayır

Energetika Materials 17 Dekabr 2013 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir E.Tariverdiyeva/

Avropa Komissiyası dekabrın 17-də qəbul edilmiş Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarını alqışlayır. Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı Avropa Komissiyasının yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir: "Bu çoxdan gözlənilən qərar təsdiq etdi ki, Avropa 2019-cu ilin sonundan etibarən ildə 10 milyard kubmetr qaz əldə edəcək. Bu günədək qəbul edilmiş bütün qərarlar, o cümlədən qazın Avropaya nəql ediləcəyi boru kəməri qismində TAP-ın seçilməsi üzrə qərar yekun investisiya qərarının imzalanmasına əsaslanıb".

Məlumatda qeyd edilir ki, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu "Şahdəniz-2" üzrə bugünkü qərarı Avropanın enerji təhlükəsizliyi məsələsində sabitliyi təmin edən strateji addım kimi qiymətləndirib: "2011-ci ilin yanvarında Azərbaycan Prezidenti İlham Əliyevlə imzaladığım Birgə Bəyannaməyə söykənərək deyə bilərəm ki, bu vacib addım Avropa İttifaqına Xəzər regionunun qazına birbaşa çıxış təqdim edəcək. Bu, bizim enerjidaşıyıcılarımızın tədarükünün şaxələndirilməsi yolunda vacib mərhələdir. Bu da Avropa istehlakçıları və sahibkarlarının marağına xidmət edir".

Energetika üzrə Avropa komissarı Günter Ottinger vurğulayıb ki, "Cənub Qaz Dəhlizi"nin reallaşdırılmasının başlanğıcının əsasını qoymuş qərar əsl sıçrayışdır: "Cənub Qaz Dəhlizi" uzunmüddətli perspektivdə Aİ ölkələrinin qaza tələbatını 20 faizədək ödəmək iqtidarında olan potensiala malik olacaq".

Qeyd edək ki, bu gün Bakıda Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı qəbul edilib.

"Şahdəniz 2"-nin təsdiq edilməsi layihənin konsepsiyadan birbaşa reallaşdırılması mərhələsinə keçid deməkdir.

"Şahdəniz" dəniz yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilənin iştirakçıları (alqı-satqı əməliyyatlarından sonra yeni pay bölgüsü) bunlardır: BP (operator) - 28,8 faiz, Statoil - 15,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, Lukoil - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ - 16,7 faiz.

"Şahdəniz" yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində proqnozlaşdırılır.

"Şahdəniz"in işlənməsinin ikinci mərhələsinin dəyəri isə 25 milyard dollar qiymətləndirilir.

Yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində 16 milyard kubmetr qaz hasil etmək planlaşdırılır ki, bunun da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti