Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir Anaxanım Hidayətova/
Azərbaycan qaz hasilatını ildə 50-60 milyard kubmetrə qədər artırmağı planlaşdırır. Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışında deyib.
Onun sözlərinə görə, Azərbaycan bu hədəfə çatanda əsas qaz ixracatçısı olacaq: "Biz enerji məsələlərində müstəqil ölkəyik. Tezliklə Azərbaycan çox mühüm layihələr, o cümlədən "Cənub Qaz Dəhlizi" layihəsini reallaşdıracaq. Bu layihə bizim Avropa bazarlarına qaz tədarük etməyimizə imkan yaradacaq".
Nazir qeyd edib ki, Azərbaycanın bu layihənin reallaşdırılması ilə bağlı heç bir maliyyə problemi yoxdur.
N.Əliyev vurğulayıb ki, Azərbaycan adambaşına düşən neft və qaz ehtiyatlarına görə dünyada 10-cu yeri tutur: "Ötən il biz 42 milyon ton neft hasil etmişik. 2003-cü ildə qaz hasilatı 5 milyard kubmetr idisə, indi bu göstərici ildə 29 milyard kubmetrə çatıb. Azərbaycanda qaz ehtiyatları 2,6 trilyon kubmetr qiymətləndirilir".