Bakı. Trend:
Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Yaponiyada yaxın vaxtlarda enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş tədbirlərin müzakirəsi və hazırlanması üçün operativ qərargah işə başlayacaq.
Trend xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə Yaponiya iqtisadiyyat, ticarət və sənaye naziri Koişi Haqiuda bildirib.
Onun sözlərinə görə, müvafiq nazirlik və idarələrin nümayəndələrinin daxil olacağı operativ qərargahın əsas vəzifələrindən biri enerji təchizatı məsələsində Yaponiyaya dəyən zərəri minimuma endirmək olacaq. Nazir, həmçinin bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsinin intensivləşdirilməsinin zəruriliyini vurğulayıb.