Bakı. Trend:
İlin əvvəlindən başlayaraq Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) ilə 3 milyon meqavat-saatdan çox qaz nəql olunub.
Trend-ə bu barədə ICGB şirkətindən deyiblər.
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci ildən kommersiya məqsədilə tədarükə başlayıb.
Cari istilik mövsümünün əvvəlindən interkonnektor Bolqarıstanda təbii qaz ehtiyacının təqribən üçdə birini təmin etməkdədir. Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və məişət istehlakçıları üçün qiymətlərin optimallaşdırılmasının ilkin şərtidir.
Layihənin əsasını Azərbaycanla müqavilə üzrə ildə 1 milyard kubmetr tədarük təşkil etsə də, IGB digər yükgöndərənlər tərəfindən də ayrılmış uzunmüddətli enerji nəqlinə malikdir. Bunların əksəriyyəti Bolqarıstan bazarı üçün tamamilə yenidir.
Yunanıstan-Bolqarıstan interkonnektoru 2024-cü ildə bir neçə qaz mənbəyinə çıxış əldə edəcək.
Qeyd edək ki, IGB TAP-a qoşulub və bu boru kəməri ilə "Şahdəniz" yatağından qaz Avropa bazarlarına tədarük olunur.
Birinci mərhələdə qaz kəmərinin ötürücülük qabiliyyəti illik üç milyard kubmetr təşkil edir. İkinci mərhələdə bazarın inkişafından asılı olaraq boru kəmərinin ötürücülük qabiliyyəti kompressor stansiyaları əlavə etməklə illik 5 milyard kubmetrədək artırıla bilər.