Bakı. Trend:
Ukraynanın neft və təbii qaz hasilatı, nəqli və emalı üzrə dövlət şirkəti "Naftogaz Ukrayiny" Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə qaz tranziti barədə danışıqları istisna etmir.
Trend "Naftogaz Ukrayiny" şirkətinə istinadən xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin sədri Aleksey Çernışov deyib.
O qeyd edib ki, şirkət Rusiyanın "Qazprom" şirkəti ilə tranzit müddətinin uzadılması barədə danışıqlar aparmır.
"Azərbaycan iri təbii qaz istehsalçısıdır və SOCAR ilə potensial əməkdaşlıq müəyyən üstünlüklər verir. Digər şirkətlərlə, o cümlədən, SOCAR-la danışıqları istisna etmirik. Lakin yekun razılaşmalarımız yoxdur. Bizim tərəfimizdən əməkdaşlığın mütləq şərti qazın Ukrayna anbarlarında saxlanılmasıdır. SOCAR qazını bizdə saxlasa, buna şad olarıq", - o deyib.
Qeyd edək ki, Rusiya qazının Ukrayna ərazisi vasitəsilə tranziti üzrə müqavilə 5 il müddətinə bağlanıb və dekabrın 31-dək qüvvədədir. Ukrayna hakimiyyəti bundan əvvəl müqavilənin müddətini uzatmaq niyyətində olmadığını açıqlayıb. Eyni zamanda, Kiyev müəyyən şərtlərdə və Aİ-dən olan şirkətlərin iştirakı ilə tranzit müddətini uzatmağa hazır olduğunu bildirib.
(Tərcümə: Rəna Əbdürəhmanova)