...

"Azəriqaz"ın prezidenti Əlixan Məlikov: "2007-ci il yanvar ayının 1-dən etibarən istixanalara qazın verilməsi dayandırılacaq"

Energetika Materials 12 Dekabr 2006 15:04 (UTC +04:00)

2007-ci il yanvar ayının birindən etibarən istixanalara qaz verilməsi dayandırılacaq. Trend in məlumatına görə, bu barədə jurnalistlərə "Azəriqaz" Qapalı tipli Səhimdar Cəmiyyətinin prezidenti Əlixan Məlikov bildirib. "Dekabrın 11-də enerji məsələsi ilə əlaqədar Nazirlər kabinetində müşavirə keçirilib. Nazirlər kabinetinin müvafiq tapşırığı ilə 2007-ci ilin yanvar ayının 1-dən etibarən mülkiyyət formasından asılı olmayaraq bütün istixanalara mavi yanacağın verilməsi dayandırılacaq. Bu, çox çətin bir prosesdir."

Onun sözlərinə görə, istixana sahibləri ilə əvvəlcədən fərdi müqavilə bağladıqlarına görə, sahibkarlara əvvəlcədən xəbərdarlıq ediləcək.

"Onları xəbərdar edəcəyik ki, başqa yanacaq növləri əldə etsinlər."

Ə.Məlikov vurğulayıb ki, istixanalara verilən qazın dayandırılması 2007-ci ilin əvvəlindən Azərbaycana idxal olunan mavi yanacağın həcminin azaldılacağı və ya dayandırılacağı ilə bağlıdır.

"Bundan başqa bəzi hallarda istixanalarda qazdan qeyri-qanuni istifadə olunur. İstixanalarda quraşdırılan sayğaclar sındırılır, sıradan çıxarılır və qaz itkisinə səbəb olur. Hökumət istixanaların ləğv olunmasını tələb etmir. Onlar fəaliyyət göstərə bilərlər. Lakin başqa yanacaq növü ilə."

Çətinlik yaranmasına baxmayaraq qazanxanalara qazın verilməsi dayandırılmayacaq. "Əhalini istiliklə təmin edən qazanxanaların mavi yanacaqla tam təmin olunması istiqamətində işlər davam etdirilir. Biz çalışırıq ki, mənzillər istiliklə tam təmin olunsun. Çünki bu zaman əhali həm elektrik enerjisinə, həm də mavi yanacağa qənaət etmiş olur."

Xəbər lenti

Xəbər lenti