...

Prezidentin mətbuat katibi: "ARDNŞ-la "KazMunayQaz" arasında imzalanan Memorandum qazın Avropaya nəqlini nəzərdə tutur"

Energetika Materials 9 Avqust 2007 14:55 (UTC +04:00)
Prezidentin mətbuat katibi: "ARDNŞ-la "KazMunayQaz" arasında imzalanan Memorandum qazın Avropaya nəqlini nəzərdə tutur"

Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ Azərbaycanla Qazaxıstan iki ölkə arasında mövcud mal dövriyyəsini indi $300 mln.-dan $1 mlrd.-dək artırmaq niyyətindədir. Bu barədə prezident İlham Əliyevin Qazaxıstana səfərinin yekunlarına həsr olunmuş brifinqdə məlumat verən Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov bildirib ki, bu, ilk növbədə neft-qaz sahəsindəki əməkdaşlıq hesabına həyata keçiriləcək. Onun sözlərinə görə, Qazaxıstanda ARDNŞ-la "KazMunayQaz" arasında imzalanan Memorandum həmçinin Qazaxıstan qazının Azərbaycan vasitəsilə nəqlini nəzərdə tutur və bu proses Qazaxıstanda qaz hasilatının həcmi artdıqca baş verəcək.

Qasımov eyni zamanda qeyd edib ki, qaz nəqli ilə bağlı Rusiya-Qazaxıstan razılaşmaları Qazaxıstan qazının Azərbaycan ərazisilə mümkün daşınmasına təsir göstərməyəcək.

Mal dövriyyəsi həcminin həmçinin nəqliyyat və iki ölkə ərazisi ilə keçən yüklərin nəqliyyat dəhlizi vasitəsilə tranziti hesabına artırılması nəzərdə tutulur. Qasımov qeyd edib ki, Qazaxıstan Avropaya ixracı Azərbaycan vasitəsilə, o cümlədən Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti ilə həyata keçirmək arzusunu ortaya qoyub.

Azərbaycan da Qazaxıstan ərazisini öz yüklərinin Çin və Orta Asiyaya daşınması üçün istifadə etmək niyyətindədir.

Kənd təsərrüfatı sahəsində də aktiv əməkdaşlıq gözlənilir. Azərbaycanda dəyirman kompleksinin inşası planlaşdırılır. Qazaxıstan da Azərbaycandan meyvə-tərəvəz alınmasında maraqlıdır.

Xəbər lenti

Xəbər lenti