Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ ABƏŞ-in operatoru olan BP şirkətindən çərşənbə axşamı verilən məlumata görə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti bazar ertəsindən etibarən "Azəri" və qismən "Çıraq" yatağında planlı şəkildə neftin hasilatını dayandırıb.
"Hasilatın dayandırılması planlı şəkildə həyata keçirilir və 18 gün davam edəcəyi gözlənilir" - deyə BP-dən bildiriblər.
Hasilatın dayandırılmasının səbəbi "Mərkəzi Azəri" platformasında təbəqə sularının və qazın çıxarılmasını sürətləndirmək məqsədilə avadanlığın quraşdırılması planları ilə bağlıdır. Neftin emalından sonra əldə olunan təbəqə suları kəmər vasitəsilə platformaya çatdırılacaq və yenidən təbəqəyə vurulacaq.
"Neftin ixracı, hələ ki, "Səngəçal" və "Ceyhan" limanlarında yerləşən terminllardakı hövzələrdə qənaət edilən neftin hesabına davam etdirilir" - deyə BP-dən bildiriblər.
"Azəri-Çıraq-Günəşli" yatağından hasilatın pay bölgüsü ilə bağlı müqavilənin tərəfdaşları aşağıdakı kimidir: BP: (operator - 34,1%), Chevron (10,3%), ARDNŞ (10%), İNPEX (10%), Statoil (8,6%), ExxonMobil (8%), TRAO (6,8%), Devon (5,6), İtochu (3,9%), Hess (2,7).