...

Bakıda "İKT-nin tətbiqi" adlı V beynəlxalq konfransın açılışı olub

Telekommunikasiya Materials 13 Oktyabr 2011 17:47 (UTC +04:00)
Qafqaz Universitetində "İnformasiya və Kommunikasiya Texnologiyalarının tətbiqi" adlı V beynəlxalq konfransın açılış mərasimi keçirilib.
Bakıda "İKT-nin tətbiqi" adlı V beynəlxalq konfransın açılışı olub

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Qafqaz Universitetində "İnformasiya və Kommunikasiya Texnologiyalarının tətbiqi" adlı V beynəlxalq konfransın açılış mərasimi keçirilib. Konfransın məqsədi İKT-nin müxtəlif sahələrdə tətbiqinə dair yeniliklər, dünya təcrübəsi ilə tanış olmaq, həmçinin Azərbaycanın bu sahədəki uğurlarını paylaşmaqdır.

Trend-in məlumatına görə, konfransın açılış mərasimində Qafqaz Universitetinin rektoru, professor Ahmed Saniç çıxış edərək iştirakçıları salamlayıb. Ahmed Saniç qonaqlara Qafqaz Universitetinin fəaliyyəti, Azərbaycanın iqtisadi durumu, İKT-nin tətbiqi sahəsindəki nailiyyətləri barədə söz açıb. Tədbirdə Təhsil Nazirliyinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları, Azərbaycandakı universitetlərin rektorları, sponsor şirkətlərin nümayəndələri, eyni zamanda, 31 ölkənin İKT üzrə ekspertləri, Azərbaycanda fəaliyyət göstərən müxtəlif qurum və təşkilatların təmsilçiləri iştirak ediblər. Konfransda 250-dən çox elmi məqalənin daxil olduğu kataloq iştirakcılara paylanıb.

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC konfransa "Partner Sponsor" qismində qatılıb. Konfransda "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin idarə heyətinin üzvü Samir Qasımov çıxış edib. O, Korporasiyanın bu günə kimi reallaşdırdığı sosial yönümlü layihələrdən danışıb, xüsusilə, təhsil sahəsinin dəstəklənməsinin və bu istiqamətdə həyata keçirilən tədbirlərin Korporasiya üçün önəmli yerlərdən birini tutduğunu söyləyib.

İKT-yə həsr edilmiş beynəlxalq tədbir 3 gün davam edəcək. Keçiriləcək 12 plenar sessiya boyunca kommunikasiya, şəbəkə və avadanlıq, İKT-nin humanitar və ictimai elmlərdə, tədqiqatlarda tətbiqi, bu texnologiyaların dövlət və idarəçilikdə, həmçinin biznes, idarəetmə və iqtisadiyyatda tətbiqinə dair müzakirələr aparılacaq.

Xəbər lenti

Xəbər lenti