Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir H.Vəliyev/
Yanvar-sentyabrda Azərbaycanın İKT sektorunun artım tempi 12,4 faiz artaraq 932,9 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü dərc edilən Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 9 aylıq fəaliyyətinin yekunlarına həsr edilən hesabatında deyilir.
Hesabat dövründə telekommunikasiya sektoru üzrə artım templəri 8,3 faiz, poçt rabitəsi üzrə 5,7 faiz təşkil edib. İT sektoru isə 1,6 dəfə artıb.
İKT sektoru üzrə əldə edilən gəlirlərin 76 faizi özəl rabitə müəssisələrinin payına düşüb.
Yanvar-sentyabrda İKT sektorunun və poçt rabitəsinin gəlirlərinin həcmi Azərbaycanın ümumi daxili məhsulunda (ÜDM) 1,7 faiz, hesabat dövründə sektor üzrə gəlirlər qeyri-neft sektorunun ÜDM-də isə 3,4 faiz təşkil edib.
Yanvar-sentyabrda telekommunikasiya sektoru üzrə əldə edilən ümumi gəlirlərin həcmindən 67,5 faiz mobil rabitənin payına düşüb. Mobil rabitənin artım tempi ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə 3,4 faiz təşkil edib.
Noyabrın 2-nə olan rəsmi məzənnə 0,7868 AZN/USD təşkil edir.