...

"Azercell" şirkəti Naxçıvan Dövlət Universiteti ərazisində 4G sınaq şəbəkəsini yaradıb

Telekommunikasiya Materials 2 Dekabr 2011 17:54 (UTC +04:00)
"Azercell Telekom" MMC-nin prezidenti Ali Ağan Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədovla görüşüb, daha sonra Naxçıvan Dövlət Universitetinə 4G sınaqları layihəsinin açılışı münasibətilə səfər edib.
"Azercell" şirkəti Naxçıvan Dövlət Universiteti ərazisində 4G sınaq şəbəkəsini yaradıb

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

Noyabrın 29-da "Azercell Telekom" MMC-nin prezidenti Ali Ağan Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədovla görüşüb, daha sonra Naxçıvan Dövlət Universitetinə 4G sınaqları layihəsinin açılışı münasibətilə səfər edib. Hər zaman gənc nəslin bilgilərinin inkişafına istiqamətlənən layihələrlə çıxış edən "Azercell Telekom" bu dəfə Naxçıvan Dövlət Universitetinin tələbələri üçün innovativ layihə təqdim edib.

Şirkətdən cümə günü Trend-ə verilən məlumata görə, mobil rabitə sahəsində müxtəlif texnoloji həllər təqdim edən Çinin ZTE şirkəti ilə birgə həyata keçirilən bu layihənin köməyi ilə ümumi ərazisi 108 hektar olan universitetdə 4 mindən artıq tələbənin 4G texnologiyasının təqdim etdiyi üstünlüklərdən yararlanmaq imkanı olacaq. Bu isə yüksəksürətli mobil internet, böyük həcmdə mobil datanın ötürülməsi kimi son texnoloji nailiyyətləri tələbələrin şəxsən özlərinin sınaqdan keçirmək imkanı deməkdir.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru akademik İsa Həbibbəyli hər iki şirkətə bu layihənin həyata keçirilməsinə görə minnətdarlığını bildirib, bu cür layihələrin köməyi ilə Azərbaycan gənclərinin son texnoloji yeniliklərlə ayaqlaşa bilmələrindən böyük məmnunluq duyduğunu söyləyib. Daha sonra "Azercell Telekom" şirkətinin prezidenti Ali Ağan çıxış edərək şirkətin həyata keçirdiyi yeniliklər barədə geniş məlumat verib. "4G texnologiyasının imkanlarından yararlanmaq tələbələrimizin müxtəlif bilgilərə daha asan yiyələnmə imkanlarının olması deməkdir. Siz tələbələr müxtəlif bilgilərdən yararlanaraq nə qədər irəli addımlamış olsanız, təhsil aldığınız universiteti və Azərbaycanı da bir o qədər irəli aparmış olacaqsınız", - Ağan layihənin gerçəkləşməsi üçün əməyi keçmiş bütün qurumlara öz təşəkkürünü bildirib.

Daha sonra ZTE şirkətinin 4G sınaq layihəsinin rəhbəri Hasan Gökhan tədbir iştirakçılarına 4G texnologiyasının imkanlarını nümayiş etdirib. Burada böyük həcmli datanın 80 mbit/s sürətilə ötürülməsi nümayiş olunub və bunun nəticəsində HD formatında videoçarx onlayn rejimdə izlənilib.

Tədbirdə, həmçinin ZTE şirkətinin Azərbaycan üzrə regional direktoru Şi Fanq Qang, "Azercell" şirkətinin İnformasiya Kommunikasiya Texnologiyaları Departamentinin direktoru Xavər Babazadə və bir sıra başqa səlahiyyətli nümayəndələr iştirak ediblər.

Qeyd edək ki, 4-cü nəsil texnologiyası dünyada mövcud olan ən son və ən yüksəksürətli mobil data ötürülməsini mümkün edən bir texnologiyadır.

"Azercell" şirkəti hər zaman gənc nəslin maariflənməsinə öz töhfəsini verməyə çalışıb və artıq Bakının ən qabaqcıl təhsil ocaqlarından biri olan Qafqaz Universitetində tələbələrin informasiya texnologiyaları sahəsində savadının artırılması məqsədilə 3G laboratoriyasını təşkil edib. Naxçıvan Dövlət Universitetində təşkil olunmuş bu layihə Azercell-in bu sahədə həyata keçirdiyi silsilə layihələrə daha bir nümunədir.

Xəbər lenti

Xəbər lenti