Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın mehmanxana biznesində televiziya kontenti yaxın iki ildə leqallaşdırılacaq. Bu barədə cümə axşamı Trend-ə "WISI Communications Gmbh" şirkətinin satış üzrə regional meneceri Mixail Şişkovski bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın mehmanxana biznesində hələlik qeyri-leqal televiziya kontentinin üstünlük təşkil etməsi şirkətləri bu istiqamətdə öz həllərinin irəliləyişinə köklənməyə sövq edir.
"Digər ölkələrin mehmanxana biznesində televiziya kontentinin leqallaşdırılmasındakı tendensiyalar nəzərə alınsa, proqnozlaşdırmaq olar ki, Azərbaycanın mehmanxana biznesində televiziya kontentinin leqallaşdırılması iki il, hətta daha az vaxt apara bilər", - Şişkovski qeyd edib.
Şirkət Azərbaycanın kabel televiziyası operatoru ilə əməkdaşlıq edir. Şişkovskinin sözlərinə görə, perspektivdə 2013-cü ildə "Teleradio" İstehsalat Birliyi, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə əməkdaşlıq gözlənilir. Şirkət siqnalın qəbulu və konvertasiyası üçün həllərin tədarükünü planlaşdırır.